Dünyada koronavirusa rekord sutkalıq yoluxma halı qeydə alınıb

Sentyabrın 4-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 299 min 212 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord iyulun 31-də müşahidə edilmişdi – 291 min 706 nəfər.

Milletinsesi.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 794 nəfər dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa yoluxanların sayı 26 milyon 799 min 220 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 879 min 24 nəfərə çatıb. Eyni zamanda, 18 milyon 909 min 705 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 10 min 491 xəstədən 60 min 907 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 389 min 57 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur – 4 milyon 91 min 801 nəfər. Ötən sutka ərzində ən çox yoluxma halının qeydə alındığı (87 min 115 nəfər – bu həm də ölkədə koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halıdır) Hindistanda isə yoluxanların sayı 4 milyon 23 min 179 nəfərdir. Rusiyada 1 milyon 15 min 105 nəfər, Peruda 676 min 848 nəfər, Kolumbiyada isə 650 min 62 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 192 min 111 nəfər. İlk beşliyə daxil olan Braziliyada 125 min 584, Hindistanda 69 min 635, Meksikada 66 min 851, Böyük Britaniyada isə 41 min 537 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Share: