Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman imzalayıb.
Milletinsesi.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuraya Baş Nazir sədrlik edəcək. Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentinin köməkçiləri, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Mərkəzi Bankının sədri və Dövlət Neft Fondunun İcraçı direktoru üzvləri şuranın üzvləri təyin olunub.
Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Şura fəaliyyəti barədə 6 ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fərmanda qeyd olunur ki, Azərbaycanda son 20 ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləyib, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlib. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşıb.
Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaradıb. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.
Sənəddə vurğulanır ki, növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.
Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur. İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.