Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçiminə bu gündən start verilir. İxtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) Milletinsesi.az-a verilən məlumata görə, ixtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II,III və IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr ediləcək. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
Abituriyentlər DİM-in regional bölmələrinə birbaşa və ya əvvəlcədən onlayn növbə götürməklə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşaiyət etməsinə icazə verilir.
Onlayn növbənin götürülməsi sentyabrın 9-dan etibarən mümkün idi.
Ali təhsil müəssisələrində onlayn növbə götürməyən abituriyentlərin qəbulu həyata keçirilmir.