Avtomobili addan-ada harda daha rahat və ucuz keçirmək haqqında dostlardan soruşdum: Bildirdilər ki, Xırdalanda yerləşən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisindəki qiymətlər ”Meyvəli” dən nisbətən ucuzdur. Ona görə, sentyabrın 13-ü səhər saat doqquzda Xırdalandakı BDYP-nə getdim.
Adıma keçirmək istədiyim dövlət qeydiyyat nişanı 99-TK-321 olan Merdesedes E class markalı avtomaşın texnki baxışdan keçmişdi və yalnız addan-adda keçməliydi. DYP-nin müayinə mərkəzininin girişində dayananlardan yazılmış və yazılmamış qanunlar haqqında məlumat almağa çalışdım. ”Texpasporta” baxandan sonra bildirdirdilər ki, istənilən halda avtomaşın texniki müayinədən keçməlidir, növbəsiz işini həll etmək istəyirsənsə, qiymət 350 manatdır. Özün qanuni yolla keçirsənsə, yalnız rüsum ödəməlisən. Hesabladım ki, özüm növbə tutsam 200 manatdan yuxarı qabaq düşəcəm. Ilk olaraq maşını texniki müayinədən keçirmək üçün növbəyə dürdüm; müayinəyə baxanlar vaxtlarının 10 faizini qanuni işlərinə, qalan 90 faizini telefon danışığına və orda olan insanlarla danışığa sərf edirdilər.
Saat yarım müddətinə maşını texniki müayinədən keçirdik; arxa yan şüşələrdə ploynkalar söküldü. Müayinə vərəqini götürüb 1,2,3 saylı otaqların hər birinə 10 manat ödəməklə ərizələrə qol çəkdirib peçat vurdurdum.
Bura qədər ləngimələr olsa da yaxşı gəldim.
Növbə 7 saylı otağa çatdı. Bura həyatımda gördüyüm ən kabuslu yer kimi yadda qaldı.
Aprobet
Qapının önündə elə basabas var idi ki, orda korona olmayanda da virus yarana bilərdi. Bir saat gözlədim növbə mənə çatanda polis qapıdan mənlə birgə duran hər kəsi həyətə düşürdü. Yenidən növbə tutub qapıya çatmışdım ki, polis yenə geri qaytardı və yolu boşaltdı. Əsasən telefonla zəng vurub tapşıranları, polis əməkdaşları ilə birgə gələnləri və dəlları müxtəlif bəhanələrlə içəri növbəsiz buraxırdılar. Səbrim çatmadı, idarə rəsinin qəbul otağına gedib iradlarımı bildirəndən sonra 7 saylı otağın qabağındakı növbəyə keçə bildim. Saat artıq 12:30 idi. Növbəm çatanda dedilər ki, nahar fasiləsidir və hər kəsi idarədən çıxardılar. 4-5 saatlıq əziyyətimiz bada getdi. Dedilər fasilədən sonra yenə də bayırda sıfırdan növbəyə dürmalısan. Saat ikidə yenə eyni senari təkrarlandı. Bu dəfə növbəyə maşını satan durdu. O məndən fərasətli çıxdı. Basabasla da olsa içəriyə girə bildi və məni də çağırdı. Içəridə vəziyyət çöldən də pis idi. Biri deyir mənim yetimiş yaşım var mənə hörmət edin, biri deyir mən qadınam mənə hörmət edin, biri deyir mən xəstəyəm mən birinci icəri keçməliyəm.. Səsdən adamın qulaqları tutulurdu. Hələ içəri girəndən sonra əgər qiymətlə razılaşmasan, banka özün gedib ödəniş etsən bayırda da, içəridə də yenidən növbə tutmalısan. Artıq ayaq üstə dura bilmirdim. Maşın satana dedim gir içəri rüsum, zad lazım deyil, nə istəsələr verək , burdan çanımızı qurtaraq. Bir saat da burda gözləyəndən sonra içəriyə girə bildik. Mənə ərizələrə qol çəkdirəndən sonra çölə çıxardılar ki, rahat bazarlıq edə bilsinlər. 15-20 dəqiqəyə məni çağırdılar ki, maşınının əyləcində problem var. Ya 250 manat ver, ya da get nöqsanı düzəlt gəl.. Növbə yadıma düşən kimi dedim ”rəis 200 manatım var, düzələr? ” Aldı pulu, atdı siyirməyə, nəhayət ki, ”haqq-ədalət” yerini tapdı. 6 saatdan sonra canımızı qurtardıq və gəlib texniki pasportu da bir saatdan sonra ala bildik.
Orda danışanlar deyirlər ku, vətəndaşların bu qədər incitmək və sıxışdırmaqda əsas məqsəd odur ki, heç kim qanuni yolla sənəd almaq haqqında düşünməsin. Əgər elə olmasaydı, 4 rayonu birləşdirib bir otaqda bir nəfərlə basabas yaratmazdılar. Halbuki bir rayonun vətəndaşlarının problemini heç 10 nəfər həll edə bilmir. Üstəgəl dəllallıq edənlər hər qəfə Rövşən, Rövşən çağırıb qapını döyəndə içəri keçə bilirlər,amma növbə gözləyən və növbəsi çatanlar isə içəri zorla buraxılırlar. Əla ”iş” qurublar. Əgər bundan sonra yolum DYP-nin Imtahan Mərkəzinə düşsə girişdə 350 manat verib 10-15 dəqiqəyə sənədimi çayxanda çay içə-içə alacam. Siz də elə edin, mən canıma 120 manata görə qəsd etdim, siz etməyin.
Talıb Əhədov