Toylarda iştirak edənlərin sayına məhdudiyyət qoyulur? – AÇIQLAMA

Toylara qoyulan qadağa sentyabrın 30-na kimi qüvvədədir. Bu gün bir çox deputatlar və ictimai xadimlər toy və yas mərasimlərinin formatında dəyişiklik edilməsini təklif edir. Pandemiyadan sonra belə tədbirlərdə iştirak edən insanların sayına məhdudiyyət qoyula bilərmi?

Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən deputat Ceyhun Məmmədov toy və yas mərasimlərinin formatının dəyişdirilməsi ilə bağlı Milli Məclisdə çıxış etdiyini bildirib:

“İlk öncə toy və yas mərasimlərində israfçılığa son qoyulmalıdır. İkinci məsələ o qədər insanların dəvətinə ehtiyac yoxdur. Toylarda yaxın insanların olması daha vacibdir. Eyni zamanda toylarda musiqiyə yüksək səs verilməsi insanlarda narazılıq və narahatlıq yaradır. Bununla bağlı Orta Asiya ölkələri tənzimləmələrə gedib. Hazırda Azərbaycanda bununla bağlı hər hansı qanun hazırlanmır. Amma digər ölkələrdə bu praktika var. Gələcəkdə nə vaxtsa bununla bağlı yekdil fikir olarsa, bu məsələyə baxıla bilər. Mən hazırkı mərhələdə bu məsələlərin ictimai müzakirədə olduğuna görə insanların özünün tənzimləməsinin tərəfdarıyam. Yəni insanlar bunu dərk edərək və anlayaraq israfçılığa yol verməməli, 500-1000 nəfər dəvət etməməlidir. Bəzən olur ki, insanlarımız toyda dincəlmək əvəzinə daha da yorulur. Ona görə də toyların formatının dəyişməsinə ehtiyac var”.

Deputat qeyd edib ki, yas və toy mərasimləri aztəminatlı ailələr üçün də problem yaradır:

“Belə ki, bəzən insanlar bir-biri ilə bəhsə girərək israfçılığa yol verirlər. Yekunda da bu yük toy və yas mərasimini keçirən ailənin üzərinə düşür. Elə ailələr var ki, bu tədbirləri belə formada keçirməyə maddi imkanı yoxdur. Hətta bəzən çəkilən xərcləri ödəyə bilmir, şadlıq sarayına borclu qalır. Buna bənzər hallar yas mərasimlərində də təkrarlanır. Yası keçirmək üçün borca girir, kredit götürürlər. İmkansız ailələr üçün toy və yas mərasimləri çox ciddi problem və narazılıq mənbəyidir. Bu kimi məsələlərdə cəmiyyət özü dərk edib, israfçılığa getməməlidir. Qonşu ölkələrin təcfrübəsi var. Yas mərasimlərində yalnız çay süfrəsi açılır. Uzaqdan gələn qonaqlar üçün də istisnalar edilə bilər. Toylarda bu qədər yeməklərə, salatlara ehtiyac yoxdur. Yeməklərin və salatların çoxu heç yeyilmir. Toyların da tənzimlənməsinə ehtiyac var”.

Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

“Türkiyədə və xaricdə toyda yalnız tortla çay verirlər. Bəzi Avropa ölkələrində toyda yemək verilirsə, menyu əsasında olur. Bizdəki kimi yox. Çünki bizdə insanlar 10 cür qəlyanaltının və yeməyin verilməsi ilə fəxr edir. Təəssüf ki, bu yeməkləri tapmayan insanlar var. Çox vaxt toylarda bu yeməklər ortalıqda qalır və atılır. Mən bu prosesi daha insanlarımızın özlərinin şüurlu şəkildə dərk edərək tənzimləməsinin tərəfdarıyam. Pandemiya dövrü onu göstərir ki, bunu əslində etmək mümkündür. Biz bu qədər xərc çəkmədən müəyyən ənənə, təcrübə formalaşdıra bilərik. İnsanlarımız çalışmalıdır ki, israfçılığa yol verməsinlər”.

Share: