Alimlər kainatda ən güclü maqnit sahəsini aşkar ediblər. Söhbət Yerdən 20 min işıq ili məsafədə yerləşən neytron ulduzundan gedir. Çin Elmlər Akademiyası, Eberhard və Karl Universitetinin (Almaniya/Tübingen) əməkdaşlarının birgə işi olan bu tədqiqatın nəticələri “Astrophysical Journal Letters”də dərc edilib.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Milletinsesi.az-a bildirilib ki, GRO J1008-57 pulsarının maqnit sahəsi bir milyard Tesla tərtibindədir və bu da indiyə qədər ölçülən ən güclü maqnit sahəsidir.
Uzaq bir göy cisminin maqnit sahəsini ölçmək çətin işdir. Astronomlar maqnitometr ilə ona çata bilmədikləri üçün yalnız Yerdə teleskoplar vasitəsilə alınan informasiya ilə kifayətlənməli olurlar.
GRO J1008-57 rentgen pulsarıdır. Obyekt adi ulduzdan və neytron ulduzundan ibarət sıx qoşa sistemdir (SQS). Adi komponentdən neytron ulduzuna maddə akresiyasının nəticəsində neytron ulduzunun ətrafında disk yaranır. Əgər maqnit sahəsi güclüdürsə akresiya edən maddə maqnit qüvvə xətləri boyunca yönəlir, bu da rentgen şüalanmasının yaranmasına səbəb olur.
2017-ci ildə Insight-HXMT (Çinin ilk rentgen astronomik peyki) vasitəsilə GRO J1008-57 pulsarında 90 keV səviyyəsində siklotron-rezonans səpilmə xüsusiyyəti aşkar edilib.
Nəzəriyyəçilərin fikrincə, belə böyük maqnit sahələri nəinki maddənin xüsusiyyətlərini, hətta vakuumun özünü belə dəyişdirir. Təbiətin özü fiziklər üçün belə bir imkana malik laboratoriya təşkil edib ki, bu da GRO J1008-57 pulsarını alimlər üçün maraqlı edir.