Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda sentyabrın 15-dən dərslər başlayıb. Koronavirus pandemiyasına görə bu il dərslər keçən illərə nisbətən fərqli keçirilir. Belə ki, ibtidai siniflər üçün dərslər Bakıda həftədə 2, rayonlarda isə 3 dəfə ənənəvi qaydada baş tutur. Yuxarı sinif şagirdləri üçün isə dərslər onlayn formada aparılır. Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda məktəblərin yenidən bağlanacağı ilə bağlı iddialar səsləndirilir. Bildirilir ki, noyabrın 1-dən məktəblər yenidən bağlanılır.

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir:

“Sosial şəbəkədə yayılan hər informasiya heç də doğru olmur. Bununla bağlı məndə rəsmi məlumat yoxdur”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında onda belə bir məlumatın olmadığını qeyd edib.

Deputat Ceyhun Məmmədov söyləyib ki, hazırda ölkəmizdə məktəblərin yenidən bağlanması ilə bağlı heç bir fikir və rəsmi qərar yoxdur:

“Bir sıra ölkələrdə bu istiqamətdə addımlar atıldı. Belə ki, İsrail və digər ölkələrdə epidemioloji vəziyyət gərginləşdiyinə görə məktəblərin fəaliyyətini dayandırdılar. Azərbaycanda hazırda gündəmdə belə bir məsələ yoxdur. Bu gün ölkəmizdə yoluxanların sayı qorxulu dərəcədə deyil. Yəni vəziyyət tam nəzarətdədir. İndidən bununla bağlı hansısa fikir səsləndirmək yalnışdır. Çünki rəsmi qərar verilməyib. Əgər gələcəkdə yoluxanların sayı artarsa, bu məsələyə yenidən baxıla bilər. Lakin bu gün məsələ müzakirə edilmir. Ona görə də panikaya düşmək və insanları həyəcanlandırmaq lazım deyil. Proses tam sabitdir. Gələcəkdə yoluxanların sayında artım müşahidə edilərsə və bu barədə qərar qəbul edilərsə, Operativ Qərargah tərəfindən insanlarımıza məlumat veriləcək

Share: