AQTA sahibkarlara xəbərdarlıq etdi

Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Milletinsesi.az-a verilən məlumata görə, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır. Belə ki, aparılan dövlət nəzarəti tədbirləri zamanı bəzi quşçuluq təsərrüfatlarının baytarlıq nəzarətindən yayınaraq, məhsullarını müxtəlif ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə təqdim etməsi cəhdləri olur.

Baytarlıq nəzarətindən keçmədən quş əti və məhsullarının istifadəsi zamanı insanların virus mənşəli Quş qripi, Nyukasl, bakterial mənşəli Salmanelyoz, Kompilobakterioz, Yersinyoz, Xlamidyoz, Pasterilyoz, quş vəbası və s. xəstəliklərə yoluxması təhlükəsi var.

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) üzvüdür. Həmin təşkilat dünya üzrə baş verən zoonoz infeksiyalar haqqında 182 üzv ölkəyə gündəlik olaraq məlumatlar verir. Daxil olan məlumatlar əsasında ölkə ərazisini xaricdən keçə biləcək zoonoz, ekzotik və digər zoonoz xəstəliklərdən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin notifikasiyalar əsasında Ukrayna, Rusiya, Qazaxıstan, Polşa, Almaniya, İtaliya, ABŞ və digər 20 ölkənin müxtəlif vilayətlərində baş verən quş qripi xəstəliyinə görə Rusiya və Bolqarıstanın müxtəlif vilayətlərində baş vermiş Nyukasl xəstəliyinə görə diri quş, quş əti və məhsullarının ölkəyə idxalı dayandırılıb və təlimata uyğun prosedurlar həyata keçirildikdən sonra idxala icazə verilib.

Əlavə olaraq bu il ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülüb və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49,307 ton toyuq məhsulu məhv edilib, 30,964 ton toyuq məhsulu isə geri qaytarılıb.

Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının gostəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzarətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.

Agentlik tərəfindən həmin müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyayaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırmaq məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilmiş bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılıb və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb.

Bildiririk ki, “Baytarlıq haqqında” Qanuna əsasən, heyvan mənşəli məhsulların saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsulun qəbuluna, saxlanması və satışına yol verilir.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola bilən qanun pozuntusudur. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə həmin sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcək.

Share: