C vitamininin çatışmazlığına işarə edən 10 SİMPTOM

C vitamini insanın sağlamlığında olduqca böyük rol oynayır. C vitamini

– zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;

– kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;

– immun sisteminin fəaliyyətində böyük rol oynayır – virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir, orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır;

– kollagen zülalının sintezində iştirak edir;

– yaraların tez sağalmasına kömək edir;

– orqanizmi sərbəst radilkalların təsirindən qoruyur, qocalma proseslərini ləngidir;

– qanda şəkərin və xolesterinin səviyyəsini normallaşdırır;

– qanın qırmızı hüceyrələrinin yaranmasını stimullaşdırır, qanın laxtalanma proseslərini tənzimləyir;

– damarların və kapilyarların divarlarını möhkəmləndirir;

– orqanizmdə iltihabları azaldır;

– yoğun bağırsaq, qida borusu, sidik kisəsi, endometrium (uşaqlığın daxili qatı) və bəzi digər orqanların xərçəng xəstəliyinin  profilaktikasında böyük rol oynayır.

– orqanizmə streslə mübarizədə kömək edir və s.

Bütün bunları nəzərə alaraq orqanizmdə C vitamininin defisiti yarananda bir çox orqan və sistemlərdə pozulmalar inkişaf edir.

Saglamolun.az oxucularını C vitamininin çatışmazlığına işarə edən ilkin simptomları ilə tanış edir:

1. Damaqların şişməsi və qanaması. C vitaminin daha ciddi defisiti zamanı dişlər laxlamağa başlayır və hətta tökülə bilər.

2. Dəridə göyərmələrin tez-tez əmələ gəlməsi, yaraların gec sağalması.

3. Saçların gec uzanması və tökülməsi.

4. Oynaqlarda ağrılar.

5. Soyuqdəymə xəstəliklərinə tez-tez tutulması və gec sağalması.

6. Bədən çəkisinin səbəbsiz artması. C vitamini piylərin parçalanmasını sürətləndirir və onun defisiti zamanı piy orqanizmdə daha tez toplanmağa başlayır.

7. Gün ərzində yorğunluq və zəiflik.

8. Dərinin quru və solğun olması, qırışların artması. C vitamini kollagenin sintezində iştirak edir. Kollagen zülalı isə dərimizi cavan və elastik edir.

9. Burun qanaxmaları. C vitamini kapilyar və damarların sağlamlığında çox böyük rol oynayır, damarların divarlarını möhkəmləndirir. C vitaminin çatışmazlığı zamanı kapilyar və damarlar zəifləyir. Nəticədə burunun içərisində yerləşən kiçik damarlar partlaya bilər ki, bu da qanaxmaya səbəb olur.

10. Dırnaqların nazik və zəif olması.

Xoşbəxtlikdən, orqanizmdə C vitamininin səviyyəsini artırmaq çətin deyil. Bunun üçün qidalanmada bu vitaminlə zəngin olan məhsulları artırmaq lazımdır. Bu məhsullar arasında: itburnu, qara qarağat, bolqar bibəri, kivi, kələmin bütün növləri, sitrus meyvələri, göyərtilər.

Share: