Kərbəla xanımlarının əsarət zamanı hicabı necə idi?

Əgər tarixə nəzər salsaq görərik ki, heç bir mənbədə Əhli-Beyt (ə) xanımlarının hicabsız olması barəsində bir şey deyilməmişdir. Tarixin söylədiyi həqiqət budur ki, onların hicabları yerində idi, amma mübarək üzləri görünürdü və məlunlar onları naməhrəmlərin arasından aparırdılar.

O zaman ki, İmam Hüseyn (ə) şəhid olur, düşmən xeymələrə tərəf axışır və orada olan malları və dəvələri qarət edir. Seyid ibni Tavus yazır: “Düşmənlər qarət etmək üçün Peyğəmbərin (s) övladının və Zəhranın (s.ə) gözünün nurunun evinə hücum etdilər”.

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, başqa mənbədə oxuyuruq: “Əməvi qarətçiləri İmam Hüseynin (ə) uşaqlarını və ailəsini qarət etməyə başladılar. O qədər şər insanlar idilər ki, hətta qız uşaqlarının sırqasından və qolbağından belə keçmədilər”.

Tarix yazır ki, düşmənlərdən biri Əhli-Beytin (ə) kiçik qızlarından birinə hücum çəkir və çadrasını başından çıxardır.

Ancaq bu deyilənlər o demək deyildir ki, Əhli-Beytin (ə) xanımları hicabsız qalmışdılar. Həzrət Zeynəb (s.ə) Quran təlimlərinə əsasən, çadradan əlavə uzun köynək və şalvar da geyinmişdi. Hətta parçadan üzünü bağlamaq üçün istifadə edirdi. Ona görə də əgər çadranı başlarından götürsə idilər belə, onların hicabı kamil şəkildə qalırdı.

Seyyid ibni Tavus yazır: “İmam Hüseyndən (ə) qalan əhli-əyalı palansız dəvələrə mindirdilər. Qadınlar düşmənlərin arasında üzü açıq şəkildə qaldılar. Halbuki onlar Peyğəmbərin (s) ən üstün əmanətləri idilər”.

Başqa yerdə oxuyuruq: “Şama çatan zaman gündüz vaxtı qadınları və əsirləri üzü açıq şəkildə şəhərə daxil etdilər”. (Hədənə)

Beləliklə deyə bilərik ki, Həzrət Zeynəb (s.ə) hətta əsarətdə olan zamanı da belə, kamil hicaba malik olmuşdur. Tarixin verdiyi məlumata görə, Əhli-Beyt (ə) xanımlarının ancaq mübarək üzləri açıq imiş. Bu da o deməkdir ki, xanımlar öz hicablarını qoruyub saxlaya bilmişdilər.

Share: