XİN nazirlərin görüşünün təfərrüatını açıqlayıb

Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

XİN-dən Milletinsesi.az-a bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Nazirlər iki ölkə arasında yüksək səviyyədə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd ediblər. Ölkələrimiz arsında və dövlət rəhbərlərimiz səviyyəsində mövcud olan yüksək münasibətlərin yalnız sözdə deyil, əməllərdə də aydın şəkildə özünü nümayiş etdirdiyi qeyd olunub. Qarşılıqlı səfərlərin dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə müsbət töhfə verdiyi vurğulanıb.

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 19 sentyabr tarixində yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində Gürcüstan ilə bağlı səsləndirdiyi fikirlərin yüksək səviyyədə qiymətləndirildiyini qeyd edib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tam istifadəyə verilməsi və genişləndirilməsinin perspektivləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkə ilə yanaşı, geniş bölgənin sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin iqtisadi və ticarət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu və bundan tam istifadə edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkələrimizin oxşar təhlükəsizlik təhdidləri ilə üzləşdiyi və bununla mübarizədə oxşar baxışın mövcud olduğu vurğulanıb. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə də ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruri olduğu bildirilib.

Dövlətlərimizin ikitərəfli əməkdaşlıq ilə yanaşı, çoxtərəfli formatlarda da uğurla əməkdaşlıq etdiyi və qarşılıqlı dəstək nümayiş etdirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov həll olmamış münaqişələrin bölgənin təhlükəsizliyinə ciddi təhdid doğurduğunu qeyd edib və Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son hərbi təxribatları ilə bağlı həmkarına məlumat verib. Münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllinin vacibliyi vurğulanıb.

Nazirlər pandemiya dövründə ölkələrimiz arasında əlaqələndirmə və əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyini və daşımaların maneəsiz axınının təmin olunduğu bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Share: