Sərhədyanı kəndin yolu təmir edilir

Qazax rayonunda sərhədyanı Fərəhli kəndinin yolu əsaslı şəkildə təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, uzunluğu 5 km olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 km, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir. Burda hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 4.5 metr olmaqla dəyişir.

Təbii ki, sərhədyanı yolun yenidən qurulması kənd əhalsinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında sözügedən yolun təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalır.

Hazırda yol boyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişləndirilməsi işləri görülür. Bundan başqa layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli 14 dairəvi dəmir-beton borulardan istifadə olunur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol əsasın alt və üst layının inşası, bunun ardınca isə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək, uzunluğu 15 m, eni isə 8 m olan mövcud, 1 aşırımlı körpü əsaslı şəkildə təmir ediləcək.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədi ilə zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da müasir şəkildə yenidən qurulan yol qısa müddət ərzində vətəndaşların istifadəsinə veriləcək.

İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.

Share: