“Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir. Mobil operator işğaldan azad edilmiş rayonlarımızda müasir şəbəkə infrastrukturunun daxili layihələndirmə işlərini tamamlayıb. Müvafiq dövlət qurumları ilə razılaşdırmadan sonra bu ərazilərdə LTE-A texnologiyasına əsaslanan daimi şəbəkə infrastrukturunun quraşdırılması işlərinə başlanılacaq.
Milletinsesi.az xəbər verir ki, bundan başqa, “Nar” cəbhəyanı bölgələrdə yaşayan istifadəçilərini kəsintisiz rabitə ilə təmin etmək üçün mövcud baza stansiyalarının tutumunu mütəmadi olaraq genişləndirir və 24/7 rejimində şəbəkə üzrə monitorinq və optimizasiya işlərini həyata keçirir. Şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün bu günədək cəbhəyanı ərazilərə müxtəlif sahələr üzrə 27 mühəndis ezam olunub.
Qeyd edək ki, “Nar” düşmən atəşinə məruz qalmış regionlarda yaşayan abunəçilərin yaxınları ilə rahat əlaqə qura bilməsi üçün balanslarına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib, həmçinin cəbhəyanı bölgələrdə istifadəçilərə minlərlə “Nar” ödəmə kartları paylanılıb.
“Nar” sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə əhaliyə öz dəstəyini davam etdirəcək. Müzəffər Azərbaycan Ordusunun gücü sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın tam azad ediləcəyinə əminik. Qələbə bizimdir!