Azərbaycanda bu teatrın yubileyi keçirildi

Mayın 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Milletinsesi.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşan tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 25 illik fəaliyyətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sənət ocağının keçdiyi yola nəzər salıb. Nazir 25 il ərzində teatrın yaradıcı heyətinin gördüyü işlərdən söz açaraq, hər zaman sənət ocağının səhnəsində müasir və aktual əhəmiyyət kəsb edən mövzulara müraciət olunduğunu deyib. Pantomima Teatrının yaradılmasının müstəqilik illərimizə təsadüf etdiyini qeyd edən nazir, teatrın istedadlı insanlar tərəfindən təsis olunduğunu bildirib.

“Bu gün də sənət ocağının yaradıcı kollektivi öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Xarici ölkələrdə ölkəmizin mədəniyyət günlərinin keçirilməsi zamanı teatrın yaradıcı heyəti hər zaman layiqli töhfələr verib. Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil edib. Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən teatra, mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı göstərilir. Dövlətimizin başçısı tərifindən imzalanan sərəncamlar bunu əyani sübut edir. Biz bu yaxınlarda Azərbaycan teatrlarının inkişafı üçün nəzərdə tutlun dövlət proqramını tamamalamışıq. Yola saldığımız son on ildə bu istiqamətdə qarşıda duran problemləri kifayət qədər adlamışıq və çoxsaylı məsələləri icra etmişik. Lakin bu problemlər qurtaran deyil. Teatr sanki canlı bədəndir, onun ağrıyan yeri də olur, sevinən ürəyi də. Deyərdim ki, Pantomima Teatrı ürəkdə olan sevinclə yaşayır. Zamanla biz bütün problemlərimizi həll edəcəyik, teatrlarımız daha da sürətli inkişaf dövrünü yaşayacaq. Mən Pantomima Teatrının yaradıcı kollektivinə uğurlar arzulayıram, hər birini bu gün münasibətilə təbrik edirəm”, – deyə Əbülfəs Qarayev vurğulayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov teatrda çalışan aktyorlarının fəaliyyətindən, sənət ocağının bu günədək sərf etdiyi yorulmaz əməkdən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edilib ki, 25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişib. 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib. Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindən hesab olunur. Teatra yeni yaradıcılıq uğurları arzulayan H. İsmayılov, kollektivi təbrik edib.

Sonra tamaşaçılar Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Sehrli xalat” tamaşasını izləyiblər. Tamaşanın zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Share: