Qondarma Dağlıq Qarabağın “erməni hərbi rejiminin liderləri”ndən biri, general Arkadi Karapetyan sosial şəbəkədə videomüraciət yayaraq Azərbaycan ordusunun Şuşaya yaxınlaşdığını etiraf edib.
Milletinsesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Ermənistanın bütün sakinlərini köməyə çağırıb, əks halda qoşunlarla Ermənistana gələcəklərini bildirərək təhdid edib.
“Ermənistanda insanlar nə baş verdiyindən xəbərdar deyillər. Döyüşlər Şuşanın ətrafında gedir. Sizə nə dediklərini bilmirəm, ancaq müharibə az qala Şuşanın qala divarlarına çatıb. Bunu çaxnaşma yaratmaq üçün deyil, sizə bildirmək üçün deyirəm. Göndərdiyiniz şirniyyat və qoz-fındığa yox, köməyinizə ehtiyacımız var. Əks təqdirdə, qoşunlarla Ermənistana gələcəyik. Birləşmiş bir erməni xalqıyıqsa, köməyə gəlin. Və ya bizə tək olduğumuzu söyləyin. Hava məkanını bağlamaq üçün müasir silahlara ehtiyacımız var. Sirr deyil, bütün Qarabağdakılar görür və bilir. Və bu gün havadan nə ilə gəldi bombalanırıq və bununla bağlı heç bir şey edə bilmərik”,- deyə Karapetyan bildirib.
Qeyd edək ki, Arkadi Karapetyan ən məşhur erməni komandirlərindən biridir. 1958-ci ildə Xankəndində anadan olub. Ötən əsrin 70-ci illərindən etibarən gizli şəkildə Dağlıq Qarabağdakı ermənilərin separatçı hərəkatında iştirak edib və 90-cı illərin əvvəllərində ən fəal erməni separatçılarından biri olub. 1988-ci ildə yaradılan “Qarabağ” komitəsinin üzvü, separatçı “Krunk” təşkilatı sədrinin müavini və eyni zamanda “Daşnaksütyun”un fəal üzvü olub.
Xatırladaq ki, dünən qondarma Dağlıq Qarabağ rejiminin “başçı”sı Arayik Arutyunyan Azərbaycan ordusunun Şuşadan 5 kilometr məsafədə yerləşdiyini bildirmişdi