Binəli Yıldırım Bakıya gəldi

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.

Bu barədə Milletinsesi.az-a Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Cəlal Adan, Binəli Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak edirdilər.

Qonaqları salamlayan Əli Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onun iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə, indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır: “Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”.

Əli Əhmədov həmçinin, İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. Binali Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib. Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də, iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır.

Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.

B.Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Share: