“VPN-lə yayılan videolar əsgərlərimizin canı bahasına başa gələ bilər”

“Ermənistan uşaqları da döyüşlərə cəlb edir, beynəlxalq konvensiyaları pozur. Ermənistanın uşaqlara qarşı cinayət əməllərini Xocalıda da görmüşük. Ermənistanın Bərdə, Tərtər və Gəncəyə hücumu nəticəsində 11 uşaq qətlə yetirilib. Eyni zamanda uşaqların əsgər kimi hərbi əməliyyatlara cəlb edilməsi də cinayətdir. Ermənistan məktəbləri və uşaq bağçalarını atəşə tutur. Bu gün cəbhəyanı və cəbhədən kənarda yerləşən 50-dən çox məktəb və uşaq bağçası zərbəyə məruz qalıb. Ermənistan işğal olunmuş ərazilərdən birində uşaq bağçasını hərbi qərargaha çevirib. Azərbaycan Ordusunun uşaq bağçalarını hədəf almadığını nəzərə alaraq, Ermənistan belə riyakarlıq edir”.

Milletinsesi.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. H.Hacıyev sosial şəbəkələrdən istifadə etmək üçün istifadə olunan VPN proqramı haqda danışıb:

“Hər bir qarış torpaq əsgərlərimizin qanı, canı bahasına azad edilir. Biz bəzən işğal altındakı torpaqlarımızın sürətlə azad edilməsini gözləyirik. Amma o torpaqların hərbçilərimiz tərəfindən atəş altında azad edildiyini nəzərə almalıyıq. İşğal altındakı ərazilər kiçik olsa da, bəlkə də dünyada elə silahlandırılmış ikinci belə ərazi olsun. Belə bir şəraitdə Azərbaycanın rəşadətli oğulları torpaqlarımızı işğaldan azad edir.

VPN vasitəsi ilə sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızı yoxlanılmamış məlumatlar verməkdən çəkinməyə çağırırıq. Əsgərlərimizin yerləşdiyi məkanlar və tələsik məlumatlar əsgərlərimizin canı bahasına başa gələ bilər. Ona görə də rəsmi mənbələrə istinadı tövsiyə edirik”.

Share: