“Azərbaycan qardaş ölkədir. Onların yanındayıq və bu, hər zaman belə olacaq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sivasspor”un futbolçusu Uğur Çiftçi UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
“Meydana qələbə üçün çıxacağıq. Yaxşı oynayan qalib gələcək. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq və bunun davamını növbəti matçlarda gətirəcəyik” – deyə o bildirib.
Təcrübəli müdafiəçi bundan əvvəlki görüşlərdə məğlub olmalarına baxmayaraq, ruhdan düşmədiklərini və “Qarabağ”la oyuna dönüş nöqtəsi kimi baxdıqlarını söyləyib: “Biz bütün matçlarda meydana 3 xal üçün çıxırıq. Yaxşı oynadığımız matçlarda uduzmaq bizi məyus edir. Açığı, qrafik sıx olduğundan üzülməyə vaxt olmur. Vəziyyəti düzəltməyə çalışırıq. “Qarabağ”ı hər iki oyunda udsaq, üstünlük bizə keçəcək. Sabahkı oyun qələbəmizin başlanğıcı ola bilər. Keyfiyyətli komandamız var. Yuxarı yerlər uğrunda mübarizə apara bilərik”.
Qeyd edək ki, noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.