İrəvanın qanunsuz köç siyasəti özünə qarşı çevrildi

Rəsmi İrəvanın işğal edilən Qarabağ ərazisində tədbiq etdiyi köç siyasəti bu gün onun özünün əleyhinə çevrilib. Belə ki, müxtəlif vaxtlarda bir sıra ölkələrdən köçürülən şəxslər hazırda müharibədən qaçaraq İrəvana üz tutur. Ermənistanın büdcəsi isə Qarabağdan köçüb gələn insanları qəbul etmək üçün yetərli deyil.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasətinin iflasa uğraması haqda danışarkən deyib.

O qeyd edib ki, Azərbaycan dəfələrlə işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin hüquqazidd olduğunu vurğulamışdı:

“Ermənistanın öz qanunvericiliyinə görə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və buna görə 8-12 il cəza nəzərdə tutulur.

Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışdı. İşğaldan sonra bu proses müxtəlif vaxtlarda həyata keçirilib. Eks-prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın hakimiyyəti zamanı bu proses gizli şəkildə aparılırdı. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi və bunu açıq-aşkar edərək ölkəmizə meydan oxuması səbir kasasının daşmasına səbəb oldu.

Tarix boyu Cəbrayılda, Şuşada, Zəngilanda və digər torpaqlarda azərbaycanlılar yaşayıb. Bu torpaqların əsl sahibləri var və mütləq o torpaqlar öz sahiblərinə geri qaytarılacaqdır. Yəni bu torpaqlar uğrunda gec, ya tez müharibəyə başlayacağı bəlli idi. Bura köçürülən insanlar bu reallıqları bilməli idi”.

 

Share: