Ceyhun Bayramov G-77 təşkilatının Nazirlər iclasında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov G-77 (Qrup 77 və Çin) təşkilatının videokonfrans formatında keçirilən 44-cü illik Nazirlər iclasında iştirak edib.

Bu barədə Milletinsesi.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib.

Azərbaycanın ötən ilin sentyabr ayında Qrupa tam hüquqlu üzvlüyündən sonra ilk dəfə Nazirlər iclasında iştirak edən xarici işlər naziri çıxışında ölkəmizin G-77 qrupunun iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə davamlı inkişafın təminatına töhfə vermək işinə sadiqliyini vurğulayıb.

Qoşulmama Hərəkatının (QH) hazırkı sədri qismində Azərbaycanın BMT çərçivəsində ən böyük iki dövlətlər qrupu olan QH və G-77 arasında daha yaxşı sinergiyanın qurulması üçün Birgə Əlaqələndirmə Komitəsinin işinin canlandırılması üçün çalışacağı qeyd olunub.

COVID-19 pandemiyasının dünya dövlətlərinin sağlamlıq, iqtisadiyyat və sosial sistemlərinə ağır təsirindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycanın bu qlobal böhranla mübarizə üçün beynəlxalq humanitar və inkişafa dəstək yardımından danışıb.

Habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında QH ölkələri adından BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması təklifinin BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndiyi vurğulanıb.

Nazir dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanın bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi ilə bağlı BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnaməni dəstəklədikləri üçün G-77 ölkələrinə təşəkkürünü bildirib.

Share: