“Cənub Qaz Dəhlizi” ilə tədarük yaxın aylarda başlayacaq – SOCAR

Tikintisi başa çatdıqdan sonra Trans-Adriatik boru kəməri (TAP) İtaliyanın “Snam” şirkətinin qazpaylayıcı şəbəkəsi ilə birləşib. Beləliklə, Azərbaycandan Avropaya qədər uzanan boru kəməri Avropanın şəbəkəsi ilə birləşib və qaz tədarükünə tam hazırdır.

Milletinsesi.az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi artıq başa çatıb:

“Yaxın aylarda bu sistem vasitəsilə ilk dəfə Xəzər hövzəsindən Avropaya birbaşa nəql baş tutacaq. Bu, Azərbaycan üçün əlavə gəlir mənbəyinə çevriləcək. Avropa üçün isə bu, yeni qaz mənbəyi olacaq və enerji təhlükəsizliyinə, tədarük marşrutlarının şaxələndirilməsinə töhfə verəcək”.

İ.Əhmədov əlavə edib ki, TAP vasitəsilə ilkin olaraq Avropaya 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır:

“Yunanıstan, Bolqarıstan və İtaliya əsas hədəf bazarlarıdır. İtaliyadan qaz Avropanın digər ölkələrinə nəql olunacaq. Biz 25 il müddətinə qaz satışı üçün müqavilə imzalamışıq. SOCAR “Cənub Qaz Dəhlizi”nə daxil olan bütün layihələrdə iştirak edir. Azərbaycandan və ya gələcəkdə bu sistem vasitəsilə digər ölkələrdən qaz nəqli Azərbaycana gəlir gətirəcək”.

Share: