İslama qədərki dövr. Bədəvilər nəyi və necə öyrənirdilər
Ərəbistanın döyüşçü bədəvilərini həqiqi savaş vəziyyətinə hazırlayan, onların döyüş və yaşama qabiliyyətini yüksəldən, insan orqanizminin müdafiə funksiyalarını stimullaşdıran təlim məktəbi Həzrət Mühəmməd Peyğəmbərin (s) tarix səhnəsində görünməsindən xeyli əvvəl təşəkkül tapmışdı. Ərəbistan yarımadasının sərt iqlimi yaşamaq uğrunda mübarizə problemini köçərilər qarşısında ciddi şəkildə qoyurdu. Bir varlıq növü kimi öz mövcudluğunu qorumaq üçün belə bir şəraitdə insanın xüsusi intellektual səviyyəyə malik olması və şüurunu yüksək səviyyədə işə salması tələb edilmirdi. Bədəvi ərəb düşmənlərin əhatəsində yaşayırdı, buna görə də təhlükə qarısında onun məhz hansı addımı atmağa (hücum etmək, qaçmaq yoxsa gizlənmək) qərar verməsi o qədər də mühüm deyildi. Mühüm olan bu idi ki, o, bu və ya digər qərarı nə qədər tez verməyə müvəffəq olacaq. Hansı qərarı vermək barədə həddən artıq çox düşünən şəxs yəqin ki, sağ qala bilmir, bununla da öz bacarıqsızlığını gələcək nəsillərə ötürmürdü. Qərar seçimində sürətli və şüuraltı (nəinki şüurlu) davranma qabiliyyəti bədəvinin düşüncəsində dərin kök salmışdı və ümumilikdə onun yaşamaq imkanını şərtləndirirdi. Köçəri ərəbin həyatı özünü vəhşi heyvanlardan qorumaqdan, ovçuluq və heyvandarlıqdan, qonşu qəbilələrdən özünü müdafiə etməkdən ibarət idi. Bu problemləri həll edə bilmək üçün o, öz biliyini nəsildən-nəsilə ötürməli idi. Bilikləri ötürmək isə xüsusi pedaqoji təcrübə olmadan mümkün deyil…
Milletinsesi.az islam.az-a istinadən bildirir ki, təlim-tərbiyənin əsas vəzifəsi qəbilə üzvlərinə köçəri təsərrüfatı idarə etmək və döyüşmək üçün vacib olan mənəvi-etik normaları aşılamaq üzərində qurulmuşdu. Mənəvi dəyərlər məcəlləsinin iki əsas qanunu var idi: qonaqpərvərlik və qan davası qanunları.
Tərbiyənin qarşısında duran məqsədlərə çatmağın yolu yalnız böyüməkdə olan nəsli keçmiş nəsillər tərəfindən yaradılmış mədəniyyətə qovuşdurmaqdan və qazanılmış müəyyən ictimai təcrübəni onlara ötürməkdən keçirdi. Tərbiyə prosesi gedişində insan özünün bütöv olanla (qəbilə, nəsil) birgəyaşayış xarakterini dəyərləndirir və bu baxımdan özündə müəyyən normalar formalaşdırırdı. İnsan psixikasının bünövrəsini təşkil edən ziddiyyətlərdən qaçmaq, vəhdəti qorumaq duyğusu Ərəbistanın o zamankı köçəri həyatında mühüm əhəmiyyət kəsb edirdi…
Tərbiyə vasitəsi kimi ünsiyyətin bütün növlərini özündə ehtiva edən dildən, müxtəlif həyat hadisələrində yerinə yetirilən, davranışın mühüm sosial stereotiplərini ifadə edən ayinlərdən, təbiət və cəmiyyət barədə təsəvvürlərin məcmusu olan folklordan geniş istifadə edilirdi.
Tərbiyə gedişində bəzi pedaqoji metodlar işlənib-hazırlanmışdı, bunların içində tərbiyə edilən gəncin hərəkətlərinin təqdir və ya məzəmmət edilməsi mühüm yer tuturdu. Fəaliyyət bölgü əsasında həyata keçirilir, ayrı-ayrı tapşırıqlar verilirdi. Tərbiyəçilər gəncləri kollektiv ayinlərə cəlb edirdilər, təlqin metodundan geniş istifadə olunurdu.
Mənbələrin verdiyi məlumata görə, İslama qədərki Ərəbistanda döyüşçülərin təlim-tərbiyəsi iki formada həyata keçirilirdi: səhranın dərinliklərində (“dəvə belindəki məktəblərdə”) və şəhərlərdə. İslamdan əvvəl bədəvilər arasında məskunlaşmış həyat tərzinə – dövlətçiliyə müəyyən meyillər hiss olunurdu, o zamankı ərəb şəhərləri buna sübutdur. Lakin ərəblər arasında qəbilə bağlılığına əsaslanan köçəri həyat tərzi üstünlük təşkil edirdi. “Dəvə belindəki məktəblər”də (səhrada) aparılan təlim-tərbiyə nəticəsində döyüşçülərin bacarığı inkişaf etdirilirdi; təlimin bu səviyyəsi bədəviləri tam qane edirdi. Gənclərə at minmək, qılınc vurmaq, nizə və xəncərlə döyüçmək, ox atmaq öyrədilir, öz qəbiləsini qorumaq və qonşu qəbilələrə yürüşlər təşkil etmək təlimi verilirdi. Şəhərlərdə isə təlim-tərbiyə prosesi həm də maarifləndirmə funksiyası daşıyırdı. Şəhər qarnizonunun döyüşçülərinə və müdafiəçilərə (indiki dillə desək, şəhər polisinə) oxuyub-yazmağı, riyaziyyatı (yəni hesabı; həndəsə tədris fənlərinə aid deyildi), musiqini, poeziyanı (şeir qoşmağı), bununla yanaşı qılınc, ox, nizə və xəncərlə döyüşməyi, şəhər müdafiəsi üçün nəzərdə tutulan texniki vasitələrdən (döyüş maşinlarından) istifadəni, gözətçilik xidməti və şəhər müdafiəsi metodlarını öyrədirdilər.
Həzrət Mühəmməd Peyğəmbər (s) yeni dini dünyagörüşünü işləyib-hazırlayarkən ərəblərin milli xarakterinin əsas cizgilərindən bacarıqla istifadə etdi. Bu xüsusiyyətlər dosıtluqda və sevgidə fədakarlıq, əhdə vəfa, bütün xarici düşmənlərlə mübarizədə cəsurluq (səhrada hər cür məhrumiyyətlə dolu bədəvi həyat tərzi əsasında tərbiyə almaq), hünərpərvər addımlara olan hərislik (davamlı daxili müharibələr bunu tələb edirdi) və sairədən ibarət idi. Ərəb milli xarakterinin bu müsbət cəhətləri onda subyektiv, şəxsi xüsusyyətlərin üstünlük təşkil etdiyini göstərir. Sadalanan müsbət cəhətlərlə yanaşı ərəb kimliyinin bəzi mənfi çalarları da vardı: obyektiv həqiqətə biganəlik, dalaşqanlıq və inadcıllıq.
(“Şərqin hərbi-mənəvi ordenləri” kitabından ixtisarla tərcümə edilmişdir)