Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Azərbaycanın uzun illərdən bəri işğal altında olan ərazilərinin azad olunması və bir milyona yaxın məcburi köçkünün hüquqlarının bərpa edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət edib.
Milletinsesi.az xəbər verir ki, müraciətdə deyilir:
“Mən, Səbinə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsmanam.
Bu, Azərbaycan üçün, eləcə də bütün region üçün tarixi bir andır. Ermənistan-Azərbaycan münaqişəsinə hər iki ölkənin imzaladığı bəyanatla son qoyulub. Bu bəyanat tarixi əhəmiyyət daşıyır. Bəyanat Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoydu və regionumuza çoxdandır gözlənilən sülh və sabitlik gətirdi.
Öz torpaqlarından zorla çıxarılaraq məcburi köçkünə çevrilmiş bir milyona yaxın insan artıq doğma yurduna qayıda biləcək. Biz şadıq ki, onların hüquqları təmin ediləcək.
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində əks-hücum əməliyyatı həyata keçirdi və beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqları azad etdi. Bir çox insan, o cümlədən mülki şəxslər həyatını itirdi. Təəssüf ki, bu hər hansı müharibədə qaçılmaz nəticədir və hərbi əməliyyat ən son tədbir kimi tətbiq edilməlidir.
Azərbaycan da 30 ilə yaxın müddət ərzində gözləyib ki, Ermənistan BMT tərəfindən qəbul olunmuş əlaqədar sənədləri icra etsin və məcburi köçkünlərin insan hüquqları bərpa olunsun. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə hər hansı bir addım atılmayıb. Həmin şəxslərin insan hüquqlarına və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə tamamilə etinasız yanaşılıb”.
Müraciətdə bildirilib ki, beynəlxalq sənədlər kağız parçası olaraq qalmamalı, onlara hörmət edilməklə yerinə yetirilməlidir: “Beynəlxalq hüquq və beynəlxalq sənədlərə hörmətsizlik dünyanı yalnız xaosa sürükləyə bilər.
Biz bu müddət ərzində Azərbaycanın müxtəlif regionlarında həyatını itirən mülki şəxslərə görə çox təəssüf edirik. Onların döyüşlərlə hər hansı əlaqəsi yox idi və münaqişə zonasından uzaqda yaşayırdılar. Buna baxmayaraq, onlar öz evlərində ballistik raketlərlə hədəfə alındılar. Çox təəssüf ki, ölən və yaralanan mülki şəxslər arasında bir çox uşaq, qadın, ahıl insanlar da var. Mülki əhali döyüşlər zamanı hədəf seçilməməlidir. Bu, həm də beynəlxalq humanitar hüququn tələbidir.
Azərbaycan Dağlıq Qarabağda yaşayan bütün şəxslərin insan hüquqlarına hörmət edir və heç kəsi zorla yerindən çıxarmayıb.
Biz insan hüquqları və sülh naminə bütün müvafiq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və insan hüquqları təsisatları ilə əməkdaşlığımızı davam etdirəcəyik”.