“Koronavirus artıq hər kəsin qapısını döyür, bu sürətlə yayılma davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər. Odur ki, hakimiyyətin post müharibə dövründə əsas diqqət göstərdiyi sahələrdən biri də COVİD-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır”.
Millətin Səsi.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O, bildirib ki, hazırda əhalinin sağlamlığının təminatı sahəsində durum bir neçə ay bundan əvvəlki ilə müqayisədə yaxşı olsa mövcud səhiyyə infrastukturu artan çarpayı, dərman, tibb ləvazimatı və həkim tələbatını qarşılaya bilməyəcək. Ona görə də hər kəsdə özünüqoruma instinkti yüksək olmalıdır.
“Düşünürəm ki, ən böhranlı ay bu ilin dekabr və gələn ilin yanvar ayları olacaq. Çox böyük ehtimalla bir neçə aydan sonra koronavirusa qarşı peryvəndin kütləvi istehsalına başlanılacaq. Yeri gəlmişkən, Azərbaycan höküməti peyvəndlə bağlı sifarişini indidən verməlidir ki, onu vaxtında ölkəyə gətirə bilsin.
Bununla yanaşı dövlət əhalinin sosial-müdafiəsini gücləndirmək və sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinin 04 Aprel 2020 -ci tarixli Tədbirlər Planında nəzərdə tutulan tədbirləri davam etdirməlidir. Odur ki, təklif edirəm ki, bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə:
1) Əhaliyə güzəştli işıq limiti ayda 100 kvts. həcmində artırılsın. Bununla əlaqədar olaraq 20 milyon manat vəsait tələb olunacaq.
2) Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri 2020-ci tədris ilinin yaz semestri üzrə də ödənilsin. Bu məqsədlə 20 milyon manat vəsait kifayət edər.
3) Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilsin. Ödəniş məbləği bu ilin dekabr ayı üçün 190 manat, gələn ilin yanvar ayı üçün yaşayış minimumunun 2021-ci il üçün olan dəyəri həcmində müəyyənləşdirilsin. Bu il üçün tələb olunan büdcə 114 milyon manat təşkil edəcək.
4) Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı davam etdirilsin.
5) Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilsin.
Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil edib və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olub. Göründüyü kimi büdcədə gərginlik yoxdur”. /Yeni Sabah/