“Bu gün koronavirusla bağlı proqnoz vermək çətindir, ona görə ki, hər şey epidemioloji vəziyyətdən asılıdır. Hazırda sanitar-epidemioloji nəzarət gücləndirilib, xüsusi karantin rejimi qaydalarında da bir qədər sərtləşmələr oldu”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.
O bildirib ki, əhalinin də qaydalara riayət etməsindən asılı olaraq azalma baş verə bilər: “Bunun nə zamana proqnozlaşdırıldığını isə bu gün demək çox çətindir. Yoluxma sayı bir gün artır, bir gün azalır. Bu da müraciətlərin sayı ilə bağlıdır. Elə gün olur ki, müraciət çox olur, onda test də çox götürülür, götürülən yaxmalardan da çox pozitiv cavablar çıxır. Keçən həftə birinci dəfə idi ki, gücləndirilmiş iş rejimində işləyirdik. Ona görə daha çox müraciət oldu. Şənbə və bazar hardasa müraciətlərin sayında azalmalar olurdusa, həftənin 1 və 2-ci günü xəstəlik azalırdı. Amma bu həftə biz onu görmədik, çünki şənbə, bazar da yaxmalar götürüldü, axşama qədər müraciətlərə baxıldı.
Yoluxma sayının artması yalnız Azərbaycanda deyil, bütün Avropa regionunda qeydə alınır. Payız-qış mövsümü bütün respirator xəstəliklərin, həmçinin COVID-19 infeksiyasının daha çox müşahidə edildiyi dövrdür. Azərbaycanda son baş verən hadisələr hamımıza məlumdur. Bir tərəfdən Qarabağ müharibəsi, digər tərəfdən qazandığımız qələbə, həmçinin, müharibə ilə əlaqəli şəhidlərin dəfni, gətirilən yaralılar, səfərbərliklə bağlı çağırış məntəqələrinin qarşısında, hospitalların qarşısında insanların kütləvi toplaşması əlbəttə ki, xəstəliyə yoluxma sayına təsir göstərdi. Özümüz də çox gözəl bilirik ki, bu dəfn mərasimlərinə ailələrin əziz adamları getməyə bilməz. Lakin belə mərasimlərdə insanlar çox sıx toplaşarkən açıq havada da mütləq tibbi maskalardan istifadə etməlidirlər.
Əvvəl deyirdik ki, qapalı məkanlarda maskasız olmaz, indi isə tələb olunur ki, açıq havada da sıxlıq varsa, maska taxmalıyıq.
Açıq havada, xüsusən növbə olan yerlərdə, məsələn, bankomatların qarşısında və avtobus dayanacaqlarında, həmçinin, ictimai nəqliyyatda mütləq maskada olmalıyıq, çünki bugünkü epidemioloji vəziyyət bunu tələb edir. Qaydalara riayət eləsək, yaxın həftələrdə yoluxma sayında azalmaya nail ola biləcəyik”.
- Mürsəlova qeyd edib ki, ağır xəstələrin simptomları onların ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərindən asılı olur: “Xəstəliyin ağırlığı yanaşı xəstəliklərdən, həmçinin, xəstəliyin neçənci günündə müraciət etmələrindən asılı olur. Xəstəliyin klinikası, əsasən, bütün respirator virus infeksiyalara xas olan klinikadır. Yəni istər mövsümi qrip, istərsə də COVID-19 olsun, burun axması, asqıraq, quru öskürək və ya bəlğəmli öskürəklə müşayiət oluna bilər. Bunlar hamısı respirator xəstəliklərə xas olan simptomlardır. Quru öskürək, gözlərdə quruluq, təngnəfəslik, halsızlıq, iy və dadbilmə qabiliyyətinin azalması və ya itirilməsi isə koronavirus infeksiyasına xas olan əsas əlamətlərdir. Hətta COVID-19-a yoluxmuş xəstə hərəkət etməsə belə, onda təngnəfəslik olur. Çox yüksək hərarət koronavirusa xas deyil, bu xəstəlikdə 37, 37.3, 37.5 hərarət olur. Məsələn, mövsümi qripdə daha yüksək hərarət ola bilər. Amma bunu da tam dəqiqi demək olmur. Çünki burada subyektiv və obyektiv yanaşma var”.
Şöbə müdirinin sözlərinə görə, COVID-19-a xas olan əlamətlər ən çox halsızlıq, iy və dadbilmə qabiliyyətinin azalması və ya itirilməsidir. Həkim bildirib ki, bu da insandan asılı olaraq dəyişir: “İnsan var ki, sağlamlığına, səhhətinə qarşı çox diqqətlidir. Elələri var, hər şeyə qarşı daha həssasdır, xəstəliklə, aldığı informasiyanın bolluğu ilə bağlı psixoloji narahatlıq yaranır. Daim bu simptomlara diqqət yetirməyə çalışır. Birdən deyir ki, iy bilmirəm. O, psixoloji cəhətdən özünü iybilmənin itməsinə hazırlayıb və ya düşünür ki, yoluxa bilər. Hər bir pasiyentə fərdi yanaşmaq lazımdır. Bu, xəstənin və ya sağlam insanın psixoemosional fonundan, özünün fərdi xüsusiyyətlərindən asılıdır. Bütün xəstəliklər müxtəlif insanlarda tam olaraq eyni klinika üzrə getmir, amma hər xəstəliyə xas olan simptomlar var. Həm mövsümi qripin, digər respirator xəstəliklərin, həm də COVID-19 infeksiyasının geniş yayıldığı bir vaxtda insanların hər hansı respirator əlamət hiss etdikdə, istər burun axması, burun tutulması olsun, istər yüksək, istərsə də orta hərarət olsun, simptom aşkarlandıqda, ilk olaraq istiqaməti üzrə mütəxəssisə müraciət etmələri daha düzgün olar. “Qonşumda bir tibb bacısı var, ona müraciət edim, soruşum” – bu, düzgün yanaşma deyil. Lakin bu sahə üzrə mütəxəssis gördükdə ki, insanda bu simptomlar var, mütləq onu yaxma verməyə yönləndirir”.
- Mürsəlova insanlara koronavirus testi verməzdən əvvəl mütəxəssisə müraciət etməyi məsləhət görüb: “Əlbəttə, istəyən hər kəs özəl tibb müəssisələrinə müraciət edib orada ödənişli əsaslarla test verə bilər. Amma dövlət tibb müəssisələrində testin pulsuz olması nəzərə alaraq, hər bir vətəndaşımız öncə mütəxəssisə müraciət etməlidir.
Yüngül simptomlu xəstələri ev şəraitində müalicəyə cəlb edirik, onların koronavirusa yoluxub-yoluxmamalarını müəyyən etmək üçün ev şəraitində yaxma götürülür və 14 gün ərzində izolyasiya olunan bu xəstələrə pulsuz dərman paketləri verilir ki, viruslu xəstələr tam dəstəkləyici terapiyalarını ala bilsinlər. Bu dərman vasitələrinə dəstəkləyici dərmanlar, vitaminlər, hərarətsalıcı preparatlar daxildir. Qeyd etmək lazımdır ki, hərarətsalıcı preparatları yalnız ehtiyac yaranarsa, istifadə etmək lazımdır”.
Həkim qeyd edib ki, koronavirusa yoluxan şəxslər arasında qadınların sayı kişilərə nisbətdə təxminən 4-5% çoxdur. Onun sözlərinə görə, bu bir çox səbəbdən asılıdır: “İlkin olaraq, nəzərə alsaq ki, evdə müalicə olunan viruslu xəstələrə evdə qadınlar qulluq edir, deməli əksər halda həmin qadınlar da yoluxur. Həmçinin, evdə xəstə olan uşaqdırsa, yenə də eyni situasiya yaranır. Bundan əlavə, qadınların kişilərdən daha çox xəstələrə baş çəkməsi, yaş mərasimlərinə getməsi, qonşuluqda bir-birinə nəsə alıb-verməsi də bu faiz nisbəti arasında fərqin yaranmasına səbəb olur. Misal üçün, dəfn mərasimindən sonra kişilərin çoxu yas yerini tərk edirsə, qadınlar daha uzun müddət oturur və ünsiyyətdə olurlar. Məhz bu kimi faktorlara görə qeyd etdiyimiz qədər az fərq yaranır, yəni ciddi qlobal fərq yoxdur.
Yaş qrupuna gəldikdə, xəstəliyin yayılmağa başladığı ilk vaxtlarda tez-tez qeyd edirdik ki, COVID-19 infeksiyasına yoluxma 65 yaşdan yuxarı şəxslər üçün daha təhlükəlidir. Bu gün isə biz müşahidə edirik ki, hətta yaşı 80-dən yuxarı olan xəstələr də yoluxub sağala bilirlər. Amma bunun əksinə olaraq, elə xəstələr var ki, 30 yaşlarında olmasına baxmayaraq, bu virus səbəbindən dünyasını dəyişir. Burada əsas rol insanların immun sistemi, yanaşı xəstəlikləri və sağlamlıqlarına qarşı məsuliyyətin üzərinə düşür. Məsələn, belə bir nümunə göstərək: Adətən evdə yaşlı insanlar xəstələnəndə övladlar onların yaşının çoxluğundan dolayı daha çox narahat olur, xəstəxanaya yerləşdirmək üçün tələsirlər. Özümüzə qarşı isə daha laqeyd yanaşırıq, hətta xəstə halda evdən çıxır və immun sistemimizi daha da zəiflədirik. Yəni orta yaşlı insanın elə xroniki xəstəliyi ola bilər ki, xəstəxanaya ağırlaşmış şəkildə müraciət etsə, dünyasını dəyişə bilər. Xroniki xəstəliyi olub, yaşı 80-dən yuxarı olan, lakin həkimə vaxtında müraciət edən xəstələr isə müalicə olunaraq sağala bilər. Bu səbəbdən də xəstəlik ağırlaşmamış həkim yoxlanışından keçən insanların müalicəsi müvəffəqiyyətlə nəticələnir”.
Şöbə müdiri vurğulayıb ki, ümumi göstəricilərə əsasən, Azərbaycanda uşaqlar arasında ağırlaşmış koronaviruslu xəstələrə rast gəlinməyib: “Bu xəstəlik uşaqlarda adətən özünü ya simptomsuz, ya da çox yüngül simptomlarla göstərir. Uşaqlar, adətən, valideynlərindən yoluxur.
Uşaqlarla böyüklərin müalicə üsullarında müəyyən fərqlər var. Məsələn, elə dərman preparatları var ki, onları böyüklər qəbul edə bilər, amma uşaqların istifadəsi qadağandır və ya uşağa həmin dərmanı verməyə ehtiyac yaranmır. Çünki uşaq orqanizmində mikroelementlər, vitaminlər başqa cür idarə olunur. Bu, yenə də uşaqların fərdi xüsusiyyətlərindən, sağlamlıq durumundan asılı olaraq dəyişir. Onu da qeyd edim ki, COVID-19-a yoluxan uşaqların müalicəsi pediatr konsultasiyası ilə aparılır”.