Rüstəmxanlını tanıya bilmədim

22 ildən artıqdır ki, sizi tanıyıram və yaxud da tanımaq istəyirəm. Amma alınmır. El məclislərində  yanında olanda sadə, zarafatçıl, daim qayğı göstərən, ictimai tədbirlərdə  lider , əsərlərini oxuyanda əlçatmaz zirvələr sahibi olan bütün türk dünyasının sevdiyi SabirRüstəmxanlıni kəşf edə bilmədim. Qələm imperatoru, yazarlar məktəbinin banisi ilə az müddət münasibətdə olan şair, yaradıcı və haqq çarçısına çevrilir.

Meydanlarda başı sarıqlı, əlini yumruq kimi sıxıb azadlıq hayqıraraq, milyonları idarə etmək də onun ömrünə şanlı səhifə kimi yazıldı.

Yeganə məmur idi ki, nazir  vəzifəsindən istehfa verib müxalifət partiyası yaradıb. Bəzən qatı, bəzən loyal müxalifətçi olan Rüstəmxanlı bəzən də hakimiyyət adamı kimi görünərək, vətəndaş həmrəyliyinə çalışdı;ən qatı müxalifətlə də, iqtidarla da dost olmağı bacardı. Yorulmadan işlədi, gəzdi,yazdı  və böyük millət oğluna layiq həyat yaşadı.

Millət vəkili və şöhrət adından imtina etdi. Lakin xalqının istəyi ilə onları götürdü. Bir sözlə, özündən çox cəmiyyəti və dövlətini düşündü.

73 il əvvəl Yardımlının ucqar kəndində dünyaya gələn Sabir, körpə yaşlarından fitri istedadı ilə hamıdan seçilərək keçdiyi rəngarəng yaradıcılıq yolu ilə addımlayaraq nəhəng Sabir Rüstəmxanlıya çevrildi.. Hərə bir cür yarındı sizdən. Çox bağlı qapılara açar, ümidsizlərə işıq, çarəsizlərə arxa oldunuz. Kimlər sizi  sevə-sevə böyüdü, kimlərsə söyə-söyə “tanındı”. Dostuna  dost, düşməninə də  dost oldunuz..

Bizim illərlə yazdığımızı bir sözə sığdıran, ən kiçik zərrəcik haqqında yazanda onu nəhəngləşdirən Rüstəmxanlının ağ saçlarının hər birinin böyük xidmətləri var millətimiz üçün.. Üzündəki qırışlarda vətən həsrəti, bütövlük yanğısı var.

Təxminən 20 gün əvvəl keçirilən  tədbirdə bir dostumla söhbət edirdik.

Dedim: -Başqan qocalıb, ağrıları var. Əvvəlki nəşəsi görünmür.

Dostum: -Nə qədər qocalsa da səndən çavan görünür.

Dedim: -Orası elədir. Amma necə illər  yanında olmuşam ,onunla bir xatirə şəklim yoxdur.

Yanına getdim, salamlaşdım və “uzun illərdir sizə xidmət göstərmişəm, amma sizinlə bircə dənə xatirə  rəsmim belə yoxdur” deyə  onu çox sevdiyimi bildirmək üçün əlimi kürəyinə qoydum.

“Nə xidmət eləmisən”?  deyə zarafatla cavab verdi. İşlətdiyim ifadəyə görə peşman oldum.

Düz deyirdi. Onun xidmətləri qarşısında mənim elədiklərim dəryadan bir damladır. Damlalardan nəhəng dəniz yaransa da, Dəniz damlalarını qoruyur. Daim fırtınalar yaradıb, nəhəng dalğaları ilə sahilə  çırpınsa da bir damlasını belə sahildə buraxmır. Əgər bu baş versəydi, dünyanın hər yeri quraqlıq olardı.

Millətimiz üçün  üçün yaratdığın   fırtınaların, hündür dalğaların, nəhəngliyin bitməsin Sabir Rüstəmxanlı!

Talıb Əhədov

Share: