İbrahim quliyev: “Xanım rektor haqqında yayılan şaiələr şər və böhtandır”

Dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadinlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı gedən informasiyalar yalan və  böhtandır.

Bu sözləri Milletinsesi.az-a BSU Mətbuat Xidmətinin rəhbəri İbrahim Quliyev bildirib. Onun sözlərinə görə, Nurlana Əliyeva haqqında yayılan  ağlasığmaz ifadə və fikirlərə səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr  səsləndirməsi göstərilir.

O bildirib: “İlk növbədə onu qeyd edək ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad –valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur. Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım-professoun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir.

N.Əliyeva  indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymamış, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşıərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxmışdır. Torpağımızın hər qarışı, vətənimizin hər bir guşəsi onun üçün əzizdir. Bunu onun keçdiyi həyat yolu, gündəlik fəaliyyəti də təsdiq edir. Mayın 7-də xanım-rektorun təşkilatçılığı və rəhbərliyi altında BSU-nun professor –müəllim heyətinin Cocuq Mərcanlıya səfəri, Sabirabad rayonunda milli qəhrəmanlarımızın abidələrinin ziyarət edilməsi, ümumiyyətlə, universitetdə hər həftə milli-mənəvi dəyərlərimzlə bağlı təşkil olunan tədbirlər  N.Əliyevanın rektor, pedaqoq, vətəndaş fəaliyyətinin göstəricilərinə nümunə sayıla bilər.

Əslində,  N.Əliyevanın BSU-ya gəldiyi ilk gündən məqsədi gənclərin patiotizm, milli-vətənpərvərlik  ruhunda tərbiyəsi, Azərbaycan xalqının tarixi ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının,  bütövlükdə mənəvi dəyərlərinin  gənclərə ötürülməsi olmuşdur. Qapısı hər zaman insanların üzünə açıq olan rektor hər bir insanla səmimi dialoqa girəndə, tələbələrə bir ağbirçək ana kimi öyüd-nəsihət verəndə ilk növbədə əxlaq və etik normalar, milli –mənəvi dəyərlər prizmasından çıxış edir. Təbii ki, belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin  siyasi baxışlarına, ideoloji düşüncəsinə  görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər-və böhtandan başqa bır şey ola bilməz. Təkrar edirik, iqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur. Dörd mindən artıq  tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə  cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkmizdə  insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür”.

Onun fikrincə, bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.

Quliyev BSU Mətbuat Xidməti olaraq bəyan edir ki, “BSU-nun rektoru, professor  Nurlana Əliyeva heç kəsin ünvanına təhqiramiz, nalayiq  ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq  şər və böhtandır. Siyasi mövqeyindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları bizim üçün eyni dərəcədə əzizdir. Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir”.

.

 

Share: