Dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Milletinsesi.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüblər.
Ziyarət başa çatandan sonra İctimai Birliyin sədri Tahir Xudiyev deyib: “Bugünkü ziyarət tədbiri həm də 44 gün davam edən Vətən Müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbəyə həsr olunub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu haqq savaşında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Qazanılan tarixi zəfər münasibətilə cəmiyyətimizin üzvləri xalqımızı, rəşadətli Milli Ordumuzun bütün üzvlərini təbrik edir, əldə edilən xalq-dövlət həmrəyliyini yüksək dəyərləndirir, Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə rəhmət diləyirik”.