Türkiyə Superliqasında 2021/22 mövsümünün çempionu növbəti il Çempionlar Liqasında birbaşa qrup mərhələsindən yarışa qoşula bilməyəcək.
Qol.az xəbər verir ki, buna səbəb Türkiyə klublarının avrokuboklarda topladığı xal sayının az olmasıdır.
Çempionlar Liqasında qrup sonuncusu olan “Başakşəhər”dən sonra “Sivasspor”un da Avropa Liqasında 1/16 finala yüksələ bilməməsi Türkiyənin UEFA reytinqində mövsümü 13-cü pillədə başa vurmasına səbəb olub. UEFA-nın qaydalarına əsasən reytinqdə ilk onluqda olan ölkələrin çempionları birbaşa qrup mərhələsindən mübarizəyə başlayır.
Türkiyə çempionu qarşıdakı mövsümdə də ÇL-in qrup mərhələsində iştirak hüququndan məhrum ola bilər. Yalnız bu mövsüm Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə edəcəyi təqdirdə Türkiyə çempionu qrup mərhələsinda iştirak hüququ qazanacaq. Əks halda isə Superliqa çempionu mübarizəyə təsnifat mərhələsindən və ya pley-offdan başlayacaq.