Hansı günahın tövbəsinin xeyri yoxdur?

Qurani-Kərimin fərqli görünən ayələrindən biri də bu ayədir ki, buyurur: “Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir) – əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz”. (“Tövbə” 80).

Həqiqətən də bu ayədə çox təhlükəli xəbərdarlıq edilmişdir. Allah Təala bütün ayələrində buyurur ki, O, bağışlayan və mehribandır və bəndələrin tövbələrini qəbul edəndir – amma bəzi insanların günahlarını bağışlamır. Buyurur ki, onlar nə qədər istiğfar etsə də, Mən onları bağışlamayacağam.

Bəzi Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, hətta Həzrət Peyğəmbərin (s) bu insanlar üçün bağışlanma istəməsinə baxmayaraq, Allah Təala onları bağışlamaz. Bu insanlar ibarətdir: kafirlər, fasiqlər, eyib axtaran münafiqlər, başqalarını məsxərə edən insanlar.

Müqəddəs Quranın başqa ayəsində oxuyuruq: “Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də – əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola yönəltməz”. (“Munafiqun” 6).

Bu ayədən də aydındır ki, bu insanlar üçün tövbə qapısı bağlanmışdır və Allah onların istiğfarını qəbul etməyəcəkdir. Əslində bu xəbərdarlıq hər birimizə aiddir. Biz də gərək ehtiyatlı olaq ki, gündəlik həyatımızda rəftar və əməlimizlə küfr etməyək və fasiq olmayaq. Başqalarının eybini axtarmayaq və insanları məsxərə etməyək.

Əgər belə olarsa, bizim bu halımıza hətta Peyğəmbərin (s) istiğfarı belə yardım edə bilməyəcəkdir.

İnşəallah ki, bu cür pis aqibətdən xilas olarıq.

Milli.Az

Share: