Türkiyədə hazırlanan COVID-19 peyvəndlərindən dördünün heyvanlar üzərində araşdırılması prosesi uğurla başa çatıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank “TÜBİTAK COVID-19 Türkiyə Platforması Peyvənd və Dərman Konfransı”nda çıxışı zamanı bildirib.
O, Türkiyənin elm adamları tərəfindən yeni növ koronavirusa qarşı başladılan peyvənd və dərman istehsalı istiqamətində görülən işlər barədə məlumat verib. Türkiyədə bu platformanın qlobal pandemiya elan edilmədən əvvəl qurulduğunu vurğulayan nazir bu istiqamətdə 49 fərqli qurum və quruluşdan olan 500-ə yaxın tədqiqatçının bir araya gəldiyini qeyd edib: “Hazırda xəstəliyin müalicəsi istiqamətində doqquzu dərman və səkkizi virusa qarşı peyvənd olmaqla ümumilikdə 17 layihə üzərində iş davam edir. Türkiyə ölkədə aparılan ümumi peyvənd layihələrinin sayına görə ABŞ və Çindən sonra üçüncü yerdədir. Tekirdağ və Adıyaman vilayətlərində qurulan xüsusi müəssisələrimizdə adenovirus və peyvəndlərinin dünya standartlarına uyğun istehsalı, eləcə də insanlar üzərində tədqiqatlarına başlanılması nəzərdə tutulur”.