İşğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyalar qurulacaq

İşğal dövründə Respublika Seysmoloji Xidmət Mərkəzinin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib. Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəymiş, ərazidə seysmik müşahidələr aparıla bilməyib.

Milletinsesi.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O qeyd edib ki, Qarabağ ərazisi seysmik aktivliyi ilə seçilən, seysmoloji baxımdan öyrənilməsi vacib olan zonalardandır: “Biz bu illər ərzində öz tədqiqatlarımızı bölgəyə yaxın ərazilərdə olan seysmoloji məntəqələrdən əldə olunan məlumatlardan istifadə edərək davam etdirirdik. Artıq işğala son qoyuldu və Respublika Seysmoloji Xidmət Mərkəzində bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Qeyd etməliyəm ki, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları fəaliyyət göstərir. Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Qeyd etməliyəm ki, artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb”.

Qurban Yetirmişli deyib bildirib ki, Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları vardır: “Biz yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırırıq. Həmçinin yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcəyik”.

Professor qeyd edib ki, hazırda tərəfimizdən işğaldan azad olunan Qarabağ ərazisində su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və hazırda seysmik dayanıqlılığı barədə araşdırmalar aparmaq üçün layihələr hazırlanır: “Hazırda Qarabağ ərazisində ümumilikdə 24 su anbarı var və bunların, demək olar hamısı qəzalı vəziyyətdədir. Bu su tutumlarından 22-si meliorasiya təyinatlı su anbarıdır, bir çoxunda balıqçılıq təsərrüfatı yaradılıb. Su anbarlarından ikisi isə Sərsəng və Suqovuşan enerji mənbəyi təyinatlıdır. Ermənilərin işğal təcavüzü hidroenerji təyinatlı su anbarlarının uzun illərdir seysmik dayanıqlılığını öyrənməyə imkan verməmişdir. Sərsəng su anbarı 50 MqVt, Suqovuşan -1 su anbarı 4.8 MqVt və Suqovuşan -2 su anbarı isə 3 MqVt gücə malikdir”.

Share: