Azərbaycan Respublikası Prezidenti İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 239) ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bəndə “hesabı” sözündən sonra “, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları” sözləri əlavə edilsin;
1.2. 2.4-cü bənddə “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin;
1.3. 2.5-ci bənddə “hesabında” sözü “və bank hesablarında” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1276) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na aşağıdakı məzmunda 4.4.23-1-ci yarımbənd əlavə edilsin.
4.4.23-1. | Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdəmexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi | Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi, digər aidiyyəti dövlət orqanları(qurumları) | mütəmadi |