Xaçmazda qanunsuz olaraq nərə və qızıl balıq ovlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman taksi fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman isə oradan Fərrux Ağayevə məxsus qanunla ovlanması qadağan edilmiş iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növləri, eləcə də ov üçün istifadə olunan balıq torları aşkar edilib.
F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib. İlkin dindirilmə zamanı o, balıq məmulatlarının və torların ona məxsus olduğunu etiraf edib.
Faktla əlaqədar Xaçmaz RPŞ-də istintaq və əməliyyat tədbirləri davam etdirilir.