Dövlət başçısının tapşırığına əsasən qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Milletinsesi.az-a bildirilib ki, bu çərçivədə 11.02.2021-ci il tarixdən 35 nömrəli müntəzəm marşrut xətti (Yavər Əliyev küç (Akkord binaları) – Ramiz Quliyev (Bravo market) ) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək. Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib.
Dəyişiklik sayəsində 35 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Bununla da nağdsız qaydada fəaliyyət göstərən marşrutların sayı 47-ə çatacaq.
Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 35 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Kənan-2000” şirkətinə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.