Kür çayında vəziyyət necədir ?

Aprel ayının 1-dən 15-dək Kür çayının aşağı axınında suyun səviyyəsində kiçik artma və azalma olmaqla əsasən ciddi dəyişiklik baş verməyib.

Bunu Millətin Səsi.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

O qeyd edib ki, bu ayın birinci yarısında Kür- Surra hidroloji məntəqəsində suyun orta səviyyəsi 332 sm olmaqla keçən il ilə müqayisədə 11 sm, Şirvan məntəqəsində orta səviyyə 130 sm olmaqla, keçən il ilə müqayisədə 11 sm, Bankə məntəqəsində isə orta səviyyə 116 sm olmaqla keçən il ilə müqayisədə 35 sm aşağıdır.

A.Verdiyevin sözlərinə görə, Kür çayının yuxarı axınından (Qıraqkəsəmən məntəqəsində) hazırda sululuq ongünlük normaya yaxın, keçən il ilə müqayisədə isə 58% çoxdur:

“Çayın aşağı axınında (Surra məntəqəsində) sululuq ongünlük normadan az, 2020-ci il ilə müqayisədə isə bir qədər aşağıdır”.

Mərkəzin direktoru eyni zamanda respublikanın daxili çaylarındakı faktiki vəziyyəti də açıqlayıb. O bildirib ki, aprel ayının 2-ci ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan çaylarda sululuq normanın 62 %-ni, Kiçik Qafqazın ərazisindən axan çaylarda normanın 76 %-ni, Lənkəran-Astara bölgəsindən axan çaylarda isə normanın 26 %-ni təşkil edir:

“Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, aprelin 15-nə olan məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 592 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 80 %-ni təşkil edir. Ötən ilin müvafiq dövründə bu rəqəm 163 m3/s olmaqla, ongünlük normanın 22 %-ni təşkil edib. Aprelin 15-də Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 107 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 90,0 m3/s olmaqla ongünlük normanın 54 %-ni təşkil edib”.

Share: