“MTN-dəkilər kimlərisə çarmıxa çəkib əmlakını əlindən alırdılar” – Millət vəkili

Xəbər verdiyimiz kimi, bir müddət öncə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib, daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib. Bu və ya digər məsələlərlə bağlı “Unikal” qəzetinə müsahibə verən, Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayevlə söhbətə də son günlər baş verən həbslərlə bağlı sualla başladıq.

Millətin Səsi Unikal.org-a verilən həmin müsahibəni təqdim edir.

-Razi bəy, bir müddət öncə sabiq MTN generallarının həbs olunması cəmiyyətin diqqətini yenidən bu istiqamətə yönəltdi. Öncə bu barədə fikirlərinizi bilmək istərdik. Dövlətin təhlükəsizlik orqanlarının yüksək çinli zabitlərinin həbsi nəyin nəticəsidir?

– Prezident İlham Əliyev deyir ki, şəffaflıq olsun, orqanlar düzgün işləsin, sahibkarların işinə qarışmasınlar, birbaşa öz vəzifələri ilə məşğul olsunlar, insanları boş yerə incitməsinlər, vətəndaşlara qarşı teror əməliyyatı keçirməsinlər, insanları haqsız yerə tutmasınlar. Amma onlar da qanunları pozur, haqsızlıq edir, öz cibləri üçün çalışırdılar, sahibkarları incidirdilər, insanları şərləyir, birbaşa MTN-nin səlahiyyətlərindən kənar olaraq narkotiklə tuturdular. MTN dövlətin milli təhlükəsizliyi ilə yox, sadəcə olaraq polisin işləri ilə məşgul idi, pul qazanırdılar, pul silirdilər, kimlərisə çarmıxa çəkib əmlakını, obyektini əlindən alırdılar. Və nəticə də belə olmalıydı.

-Hazırda istintaq gedir və yəqin ki, daha dərinə gedərək problemin kökü tapılacaq. MTN-nin sabiq rəhbəri Eldar Mahmudov  hələ də azadlıqdadır. Haqlı olaraq belə bir sual yaranır ki, bu cəzalandırma nəyə görə birinci şəxslərə şamil olunmur?

– Biz dövlətin yerinə nəyisə deyə, tələb edə bilmərik. Dövlətin başçısı Prezident İlham Əliyev bizdən, hər kəsdən daha çox məlumatlıdır, daha çox informasiyalar alır, daha doğru qərar vermək imkanlarına malikdir. Çünki bütün informasiyalar ondadır. Yəqin ki, hər bir şeyin arxasında bir səbəb var, onun üçün də bu məsələlər bizim münasibət bildirməyimizlə, deməyimizlə həll olunan deyil. Mən düşünürəm ki, istintaq gedir, müəyyən məsələlər gedir, hər şeyin öz zamanı, öz yeri var və doğru zamanda doğru qərarlar veriləcək. Hər  bir məsələ ilə bağlı yəqin ki, çıxarlan nəticələr nəzərə alınır, onun ziyanı və xeyri hesablanır. Bütün məsələləri də dövlət başçısı, dövlətin hüquq mühafizə orqanları, bu işi aparanlar daha yaxşı bilirlər və onlar da doğru olanı etməlidirlər. Onun üçün də bu məsələyə birmənalı cavab vermək  mümkün olmur.

-Müharibədən sonra hərbi sistemlə bağlı da araşdırmaların getdiyi, müəyyən “təmizləmə” prosesinin aparıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?

– Əlbəttə. Bilirsiz ki, müharibə dövründə, hər bir ölkə müharibə aparan zaman müəyyən boşluqları görür, zəif cəhətlərini bilir və ondan sonra bu zəif cəhətləri, bu problemləri,  çatışmazlıqları aradan qaldırmaqla bağlı qərar qəbul edir. Azərbaycan da bunu artıq görür və bununla bağlı qərarlar qəbul edib. Prezident də bunu bir neçə dəfə səsləndirib və düşünürəm ki,  bu qəbul olunan qərarların içərisində, çatışmazlıqların aradan qaldırılmasında həm də təmizləmə əməliyyatı var. Kifayət qədər insanlar ora başqa, qara yollarla, məqsədlərlə yerləşdirilib. Ola bilsin ki, ölkələrin  maraqlarına, fərdlərin istəklərinə xidmət edən qüvvələr var. Bilik və bacarığı olmayan sahələrə təyinatlar var və onun da nəticəsində təbii ki, görülən işlərdə axsamalar olur. Və düşünürəm ki, təmizləmə əməliyyatı olacaq. Təmizləmə əməliyyatı sırf  orada azərbaycançı qüvvələrin, dövlətçi qüvvələrin qalmasından ibarətdir. Çünki bu günə qədər həqiqətən də orada dövlətini sevməyən, dövlətinə qarşı işləyən, dövlətçi olmayan, başqa dövlətin maraqlarını daha üstün tutan, başqa dövlətin maraqlarına xidmət edən qüvvələr, fərdlər, şəxslər olub. Bəziləri özlərinə şəbəkə də yaradıb. Və bütün bunların da hamısının aşkara çıxarılması və tımizlənməsi üçün yəqin ki, aylar lazımdır. Bu iş daimi olaraq getməli və azərbaycan ordusu doğrudan da mobil, çevik bir orduya çevrilməlidir. Bunula bağlı prezident də mesaj verib ki, Azərbaycan Türkiyə ordusunun kiçik bir prototipini yaradacaq. Mən inanıram ki, tezliklə Azərbaycan ordusu dövlətçiliyimizin maraqlarını qorumaq üçün profissional vəziyyətə gətiriləcək.

Share: