BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

Şeytan başımı sığalladı: “Sən mənliksən”


Doğulduğum gündən indiyə kimi insan həyatını xoşbəxt edəcək formul axtardım. Fikirləşdim ki, arzular çin olanda bu baş verəcək. Məgər arzular da sonsuz imiş.. Bir arzu çin olanda digəri yaranır, digəri çin olanda o biri.. Nəfsimizi doydura bilməyən kainatın bədbəxt sakinləriyik..

İstəklərim daş karxanasında yük maşını gözləyən fəhlənin arzusundan, Böyük Azərbaycan yaratmaq arzularına qədər dəyişdi. Yaxud kənddən şəhərə gəlmək arzusundan, dünyanı fəth etmək arzularına qədər.. Hər zaman da tələsirəm.. Yatmağa, yeməyə, işə, görüşə, toya, yasa, sevməyə ,ağlamağa –bir sözlə , hər şeyə tələsirəm. Bəlkə də ölümə tələsirəm. Mənasız arzuların girovunda qırılmaq üçün, nəfsimin köləsi olmaqdan azad olmaq üçün yeyin gedirəm.

Dəyişmək istədim.  Dedilər namaz qıl, oruc tut, zəkat ver, yetim sevindir və qəlb qırma xoşbəxt olacaqsan.

Birinci namazdan başladım; əvvəl səhv qılırdım, dedilər “Allah bağışlayandı, sən davam et”. Sözləri düzgün ifadə etdim, amma əmmələrimi dəyişə bilmədim. Namaz qılanda fikrim başqa yerlərə gedir. Gah telefona gələn zəng, gah qapının döyüntüsü, gah da içimdə yığılan dərdlər fikrimi yayındırırdı. Bəzən eyni namazı üç dəfə qılıram, amma yenə də neçə rükət qılmağımı, neçə dəfə rukuya getməyimi unudurdum. Bunları da qaydasına qoydum, lakin fikirlərimi cəmləşdirə bilmədim.

Zəkat verdim, dedilər bu pul hardandı sənə? Köməksiz əl tutdum, sevindirdim, badalaq gəldi. Qəlbi qırmamağa çalışdım, qəlbim çilik-çilik oldu. Cəmiyyətdə, işdə,yaxın ətrafımda baş verənlər başımı elə dumanlandırdı ki, beynimdə bir  faiz boş yer qalmadı.

40 yaşıma çatdım . Bu gün tamamdı.

Dindarlar deyir ki, “əgər bu yaşa kimi namaz qılmamısansa, şeytan sənin başını sığallayır ki, daha sən mənliksən”.

Əslində bir gün öncə həyat məni elə sıxdı ki, özüm “şeytan”ın qəbuluna getdim: Həyətdəki bahalı maşınlar, yüksək komfortlu iş rejimi, qorumalar və təzimlər insanı valeh edir. Doğurdanmı əyri yollarla zirvələrdə olmaq olar? Dərin fikirlər aləminə getmişdim.

Şeytan başımı sığallayıb, məsləhət verirdi; Haqq yolunda çarpışırsan, amma qalib gəlməyin imkansız.. Qalib gəlsəydi, Allaha yaxın olan imamlar, peyğəmbərlər qalib gələrdi.. Onlar Allahın göndərdiyi Quran ayələrində yazılanlarla hərəkət etsələr də qanlarına qəltan oldular. Sən saxta seçilən deputatların yazdığı qanunlaramı qalib gələcəksən?

Bax,  məmurların əksəriyyəti, yaltaqlar, xainlər, torba tikənlər, yalan danışanlar hamısı mənim adamlarımdı. Bax gör necə yaşayırlar? Necə həyatdan ləzzət alırlar? Onlara elə şərait yaratmışam ki, onlar hər açılan gülü qoxlaya, hər istədiklərini həyata keçirə bilirlər. Hətta onları Haca da göndərirəm. Sən isə elə gündəsən ki, heç bankdan götürdüyün krediti ödəyə bilmirsən..

Bütün dünyanı lərzəyə gətirən vahiməli silahlar da mənim əlimdədir. Bütün güclülər mənə itaət edir. Dünyada bir rəhbər göstər ki, o dindardır. Göstərə bilməzsən. Bütün dindarlar da onlara xidmət edir. Yəni, mənə xidmət edir.

Gürcüyə, erməniniyə yaxşılıq edib torpaq verdiniz. Üstəlik pulsuz qazla təmin elədiniz ki, qonşu haqqı böyükdür. Amma sizin o qədər yaxşılığınızın əvəzinə onlar məkrli niyyətlərindədirlər və həmişə də qalib gəlirlər. Yaxşılıq edənə pislik et, pislik edənə on qatını. Qoy həmişə səndən qorxsunlar.

Meyxoş olduğun günlərini düşün; hər şeyi unudub, öz balaca dünyanda xoşbəxt olurdun. Onda Allaha daha yaxın olmaq istəyirdin. Haqqı demirdin, düşmən də qazanmırdın. Günahkar kimi təzim edirdin. Gündə yüz dəfə deyirdin ki, “Allah keçsin günahımızdan”.
Amma indi hər haqqı yazanda mənim ordum səni düşmən kimi görür, sənə demoqoq damğası vurur, göstəbək deyir. Hansı yaxşıdır? Özün seç. Sənə bu dünyada cənnət vəd edirəm, o dünya mənlik deyil.

Şeytanın məsləhətindən bihuş oldum. Bir anlığa onların aləminə xəyalən səyahət etdim. Kar, kor, lal,  yalançı və hissiyyatsız olub, özünü düşünərək xoşbəxt olmaq da var imiş insanlar aləmində..

Tam qərarsız görüş də başa çatdı, 40 yaş da.. İki yol ayrıcında qaldım.. Başımda şeytan sığalı ilə içimdə vicdan səsinin davası başladı və onları qismətin ixtiyarına buraxdım..

Talıb Əhədov