Müzakirənin uzanmasının bir səbəbi var: sosial məsələ. İnsanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu praktikada özünü göstərəcək və onda görəcəyik ki, bu xalqın xeyrinədir, yoxsa ziyanına. Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq.
Millətin Səsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı deyib.
O bildirib ki, elə rayon var, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir:
“Bakının özündə də belə hallar. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”.
Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır:
“Qiymətləndirmə sağlamlıq haqqında ola bilər. Burada əlilliyin müəyyən edilməsindən söhbət gedə bilər”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdan keçib.