Dünyada bir sıra dəyişikliklərin baş verməsinə səbəb olduğu iddia edilən hadisənin törədilməsindən 20 il keçir. 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilən silsilə terror aktlarından sonra dünyada bir sıra dəyişikliklər baş verdi. Hadisəni kimlər və hansı qruplaşma törətmişdi? Sirli qalan hansı məqamlar var? Nə kimi dəyişikliklər baş verdi? Bu hadisə terror adlanır. Onu Üsamə bin Ladenin başçılıq etdiyi “əl-Qaidə”nin törətdiyi bildirilir. Hadisə nəticəsində 19 terrorçu, çoxu mülki şəxs olmaqla 2 977 nəfər ölüb (bunlar teraktda iştirak edən təyyarənin 246 sərnişini və ekipaj üzvü, 2 606 nəfəri Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzi, 125 nəfəri isə Pentaqonun binasında ölən insanlardır). Ümumilikdə ABŞ və 912 ölkənin vətəndaşı teraktın qurbanı olub, 24 nəfər isə itkin düşmüş sayılır. ABŞ hökuməti və Konqresinin 9/11 Komissiyasının qənaətinə əsasən, təyyarə çarpılan zaman ticarət mərkəzində 16 minə yaxın adam olub. Onların çoxu binadan təxliyə edilib. Terror hücumunu törədən 4 təyyarənin göyərtəsindəki 19 şübhəlidən 15-i Səudiyyə Ərəbistanı, ikisi Birləşmiş Ərəb Əmirlikləri, biri Misir, biri isə Livan vətəndaşı olub. Onların 4-ü pilot olmaqla 6-sı təşkilatçı, 13-ü isə adi üzv sayılıb.
Əslində, hadisənin törədilməsindən 20 il keçməsinə baxmayaraq, onun icraçıları ilə bağlı hələ də bir sıra şübhələr qalmaqdadır. Bəziləri iddia edirlər ki, bu, dövlət tərəfindən planlaşdırılan bir aksiya idi. Onun başında ABŞ-ın kəşfiyyat orqanları durub. Rusiya Prezidenti Vladimir Putin öz kitabında hadisədən bir neçə gün əvvəl ABŞ-ın 43-cü Prezidenti Corc Buşa telefon zəngi edərək terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdiyini yazıb. Rusiya lideri müsahibələrindən birində ABŞ xüsusi xidmət orqanlarının teraktda əli olduğuna inanmadığını bildirmişdi: “Teraktın təşkilatçısının ABŞ kəşfiyyat xidmətinin olduğuna inanmıram”.
Yeri gəlmişkən, hadisə Respublikaçılar Partiyasının nümayəndəsi kiçik Corc Buşun hakimiyyətə gəlməsindən təxminən 8 ay sonra törədilib. Ancaq bu hadisədən sonra Ağ Evdə heç bir vəzifəli şəxs istefa vermədi. Hətta Buş 2005-ci ildə yenidən prezident seçildi. Sentyabr terroru törədiləndə Əfqanıstana “Taliban” qruplaşması nəzarət edirdi. Onun legitimliyi dünya dövətləri tərəfindən demək olar, tanınmamışdı. Sentyabrın 20-də Corc Buş “Taliban”dan Üsamə bin Ladenin təhvil verilməsini tələb etmişdi. Ancaq qruplaşma tələbə məhəl qoymadı.
SSRİ dağılandan sonra ABŞ Orta Şərqdə hərbi fəallığını artırmışdı. İraq tərəfindən Küveytin işğalı ilə başlayan proses buna təkan vermişdi. Sentyabr teraktından sonra sanki Mərkəzi Asiya və Orta Şərqə hücuma keçmək üçün ABŞ-ın əlinə fürsət düşdü. 2001-ci il oktyabrın 7-də Əfqanıstanda “Taliban” hakimiyyətini devirmək üçün əməliyyat başladı. Noyabrın 13-də ölkə paytaxtı Kabil ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən qruplaşmadan azad edildi. 2002-ci ilin yanvarında ABŞ Kubadakı Quantanamo hərbi bazasında həbsxana açdı. Buş İran, İraq və Şimali Koreyanı dünya sülhünü təhdid edən “Şər oxu” adlandırdı. O, həmin ilin yayında ABŞ təhlükəsizliyini təhdid edən dövlətlərə qarşı “önləyici döyüş” doktrinasını açıqladı. Oktyabrın 11-də Konqres İraqın vurulması planını təsdiqlədi və 2003-cü ilin martında ABŞ başda olmaqla qərb blokundan ibarət beynəlxalq koalisiya qüvvələri İraqa hərbi müdaxiləyə başladı. Aprelin 9-da Bağdad Səddam Hüseynin nəzarətindən çıxdı. Oktyabrın 3-də koalisiyanın istintaq komissiyası İraqda Səddam Hüseynə qarşı hərbi əməliyyatların başlamasına səbəb olaraq göstərilən kütləvi qırğın silahlarının olmadığını açıqladı. Dekabrın 13-də Səddam Hüseyn tutuldu. Bununla da ABŞ sentyabrın 11-dən sonra Əfqanıstan və İraqa nəzarət etməyə başladı.
Birləşmiş Ştatların Orta Şərqə doğru fəaliyyəti bununla başa çatmır. 2009-cu ildə “Change!” (“Dəyişək!”) şüarı ilə Barak Obama hakimiyyətə gəldi. 2010-cu ilin dekabrında Misir, Tunis, Yəmən, Əlcəzair, Liviya və İordaniyada da nümayişlər başladı. Misir, Tunis və Liviyada hakimiyyət dəyişiklikləri baş verdi. Yəməndə və Afrikanın şimalında başlayan proses davam edir. Barak Obamanın prezidentliyi dövründə İŞİD terror təşkilatı ortaya çıxdı. İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma 2014-cü il yanvarın 3-də müstəqilliyini, iyunun 29-da yeni xilafət yarandığını elan etdi. İŞİD əməliyyatı 2019-cu ildə ABŞ Prezidenti Donald Trampın hakimiyyətində süquta uğradı. Tramp Suriyadakı qoşunlarının bir hissəsini İraqa köçürdü. Ancaq terrorçu PKK/YPG və PYD-yə hərbi-texniki və silah-sursat yardımı etməklə Suriyada mövcudluğunu saxlayır. 2021-ci ildə Cozef Bayden hakimiyyətə gələndən sonra ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunlarını çıxartdı. Avqustun 15-dən “Taliban” yenidən bu ölkəyə nəzarəti ələ keçirdi.
Bu arada dünyanın başqa bölgələrində də dəyişikliklər baş verdi. Rusiya Gürcüstana hücum etdi. Abxaziya və Cənubi Osetiyada qondarma qurumlar yaradıb onları tanıdı. Sentyabrın 11-i hadisələrindən sonra Ukrayna ərazisində yeni münaqişə ocağı yarandı. Krım yarımadası Rusiya tərəfindən ilhaq edildi. Ukrayna ərazisində iki qondarma qurum yaradıldı. Cənub Qafqazda yeni şərait yarandı. İşğalçı Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxarıldı. Venesuelada hakimiyyət devrilişinə cəhd edildi. Kubada hakimiyyət dəyişikliyi baş verdi. Vyetnam ABŞ-la iqtisadi-ticarət əlaqələri genişləndirdi. Şimali Koreya ilə ABŞ arasında bağlı qapılar açıldı. Tərəflər arasında yüksək səviyyədə görüşlər keçirildi.
Beləliklə, 20 il ərzində dünya siyasətində bir çox hadisələr baş verdi. Bunların bir çoxuna sentyabr hadisəsinin də təsiri olub. Kimin və hansı qüvvənin etməsindən asılı olmayaraq, sentyabrın 11-də terror törədilib. Ancaq bununla bağlı müəmmalar qalır, müzakirə, mübahisə davam edir, müxtəlif ehtimallar irəli sürülür. Sentyabrın 11-də törədilən hadisədə “Taliban”ın da adı hallanırdı. 20 il sonra Əfqanıstanda baş verən hadisələr yeni mübahisə və ehtimalların yaranmasına səbəb olub. Beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ, Rusiya, Çin, Avropa İttifaqının terrorçu təşkilat kimi tanıdığı, NATO-nun mübarizə apardığı “Taliban”ın Əfqanıstana yenidən nəzarət etməsi müəmmalardan, şübhəli məqamlardandır. Odur ki, 20 ildən sonra “əl-Qaidə” və İŞİD başqa ölkədə də ortaya çıxa bilər. Əfqanıstanda “İŞİD Xorasan”ın terror törətməsi də bu ehtimala xidmət edir. Sentyabrın 11-dən sonra dünyada bir çox dəyişikliklər baş versə də, yeni-yeni mutant hadisələr baş verir.
Odur ki, beynəlxalq ictimaiyyət 20 il əvvəlki nöqtəyə qayıdıb. Dəyişən isə terrorçu saydıqları qruplaşma ilə əməkdaşlıq etmək məsələsinin müzakirə olunmasıdır…
Report.az