Azərbaycanda hibrid avtomobillərinin qiyməti bahalaşdı

Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Trend-ə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq “Toyota Prius” markasınadır.

Onun sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir:

“Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır. Bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir.

Məsələn, iki-üç ay öncə Azərbaycanda 2008-ci il istehsalı olan yaxşı vəziyyətdə “Toyota Prius” avtomobilini 12500 manata almaq mümkün idisə, bu gün həmin avtomobil 13800-14000 manata satılır. Yəni son iki-üç ayda qiymətlər 15 faizə qədər bahalaşıb. Bu avtomobillərə maraq əsasən onların daha az yanacaq işlətməsi ilə əlaqədardır”.

Share: