Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? AÇIQLAMA

Bu gündən avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunur.

Milletinsesi.az-ın XəzərXəbər-ə istinadən məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə Trend-ə açıqlamasında qeyd edib ki, avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu olmayan sürücülər gün ərzində siyahıya alınacaq:

“Sərnişindaşımada çalışan hər kəsi nizam-intizama dəvət edirəm. Bu gün qoyulan tələblər, qayda-qanunlar müzakirə edilmədən yerinə yetirilməlidir. Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaqlar.

İnanırıq ki, sərnişindaşımada çalışanlar, ümumiyyətlə istənilən hərəkət iştirakçısı həm özünü qorumalı, həm də başqalarını yoluxdurmamalıdır.

Bizim fikrimiz inzibati cəza tətbiq etməkdən çox profilaktik tədbirlərə üstünlük verməkdir.”

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, kassalardan bilet alan şəxslərdən COVID pasportu tələb olunur:

“COVID pasportu olmayan vətəndaşa bilet satılmır. COVID pasportsuz bilet almaq istəyən vətəndaşlar çox azdır. Bizə bu məsələ ilə bağlı ciddi bir problem yaşanmayıb, çünki insanlara kifayət qədər məlumat vermişik.

Sürücülərə gəldikdə isə biz daşıyıcı şirkətlərə bildiriş göndərmişik ki, bütün sürücülərin COVID pasportu olsun”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Share: