Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək tutulublar.
Bu barədə Millətin Səsi.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi VAZ-2106, Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi “Mersedes” və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Salyan Rayon Məhkəməsinin qərarı ilə Q.Cəbiyev 1 il, Abşeron Rayon Məhkəməsinin qərarları ilə M.Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.