AZAL Bakı-Nyu-York aviareysi üzrə uçuşları dayandıracaq

Bu ilin oktyabr ayından etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka birbaşa uçuşları dayandıracaq.

AZAL-dan ONA-ya verilən məlumata görə, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib.

Bu səbəbdən, aviaşirkət marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb. Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və Azərbaycana böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.

“Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik. Eyni zamanda qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında “Open Skies” (Açıq Səma) aviasiya sazişi qüvvədədir. Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar”, – məlumatda qeyd olunub.

Share: