Fereydun Batmanhelic ötən əsrdə İranda yaşayıb. Adi su və duz ilə müalicə metodunu dünyada təbliğ edən həkim sonradan yazdığı “Sən xəstə deyilsən, sən susuzsan” kitabı ilə dünyada tanınaraq, milyonlar qazanıb.
Bu günə kimi bütün dillərə tərcümə olunan, yüz minlərlə satış edən, çox insanları su və duz ilə müalicəyə cəlb edən Fereydunun həyatı da keçməkeşli olub.
Hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görüb. Həbsxanada verilən dərmanlar zəif olduğundan gənc oğlanın halı getdikcə pisləşib.
Fereydun həbsxanadan gəncin meyitinin çıxacağını anlayıb hərəkətə keçir. Xəstəyə hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırıb. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başlayıb.
Bu metodla o, oradakı astma, vərəm, bronxit və digər xəstəlikləri olan məhkumları da sağaltmağa başlayıb. Həqiqətən də bu, işə yarayıb.
Həbsdən çıxdıqdan sonra bütün ömrünü, fəaliyyətini suyun müalicəvi təsirinə, xəstəliklərdə tətbiqinə, ağır xəstələrdə dərman əvəzi bu metoda keçdikdən sonra baş verən dəyişikliklərin öyrənilməsinə həsr edib.
Doktor Batmanhelic ürəkdən arzulayırdı ki, onun metodu daha çox insanlara çatdırılsın, hətta klinikalar da bu üsulla müalicəyə keçsin. O, insanların hər gün 5-7 adda dərman atmasının qarşısını almaq istəyirdi. Lakin onun arzusu öz ölkəsində və kənarda nə dövlət, nə məmurlar, nə də farmakoloji şirkətlər, iri təcrübə laboratoriyaları tərəfindən dəstəkləndi. Çünki bu işdə milyonlarla gəlir yox idi, satmağa bir şey yox idi. Ona görə Fereydun çarəni kitab yazıb, daha çox insana çatmasında görür.
Fereydun xəstələrə deyərdi: “Sənin bədənin, orqanizmin su istəyir. Görmürsənmi, o, su istəyir, su dilənir”.