Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi

Azərbaycan “Boinq” şirkəti ilə 10 ədəd “Boinq 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

Milletinsesi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC bəyanat yayıb.

“Biz rəsmi olaraq “Boing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Vay Airline” aviaşirkəti və “Boinq” arasında 10 ədəd “Boinq 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Qeyd edək ki, bir sıra ölkələr də “Boinq 737 MAX-8” təyyarəsindən imtina edib.

Hazırda AZAL “Boinq 787”, “Boinq 767”, “Boinq 757”, eləcə də, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

 

Share: