Ağcabədidə ikisi polis olmaqda 4 nəfər zəhərlənib

Ağcabədi rayonunda yanacaq doldurma məntəqəsində zəhərlənmə hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan ONA-ya verilən xəbərə görə, gecə saat 01:00 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin anbarında iki nəfər qazdan zəhərlənərək huşsuz vəziyyətdə olub. Onlardan biri məntəqənin işçisi, digəri isə onu xilas etmək istəyən məntəqənin sahibi olub. Anbara daxil olmaq təhlükəli olduğundan ətrafdakı insanlardan yenidən anbara düşən olmayıb. Bu zaman ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları – polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər. Polis əməkdaşları zəhərli qazla dolu anbara daxil olaraq huşsuz halda yıxılıb qalan vətəndaşları oradan sağ-salamat çıxarıblar. Xilasetmə zamanı polis əməkdaşları özləri də zəhərləniblər. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda həm vətəndaşların həm də polis əməkdaşlarının vəziyyəti stabildir. Xilas olunanlar – Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Share: