Ronaldo yenə fərqləndi

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonun qolu UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşısı seçilib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, Ronaldo qrup mərhələsində İngiltərənin “Mançester Yunayted” klubunun qapısından 65-ci dəqiqədə keçirdiyi qol azarkeşlər, futbol mütəxəssisləri və ekspertlər tərəfindən ən yaxşı qol kimi dəyərləndirilib. Leonardo Bonuçinın uzun dəqiq ötürməsindən sonra portuqaliyalı topu bir toxunuşla qapıdan keçirməyə nail olub. Həmin görüşdə Turin təmsilçisi səfərdə ingilisləri 2:1 hesabla məğlub edib.

Səsverməyə görə, İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin cərimə zərbəsindən “Liverpul”a vurduğu qol ikinci, İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Manenin baxımlı qolu isə üçüncü yeri tutub.

UEFA Çempionlar Liqasının ən yaxşı on qolu arasında İvan Rakitiç (“Barselona”-“Tottenham”), Leroy Sane (“Mançester Siti”–”Hoffenhaim”), Kilian Mbappe (“Paris Sen-Jermen”–”Mançester Yunayted”), Rahim Sterlinq (“Mançester Siti”–”Şaxtyor”), Usman Dembele (“Barselona”–”Tottenhem”), Felipe Koutinyo (“Barselona”–”Mançester Yunayted”) və Luis Suarezin (“Barselona” – “Liverpul”) qolları yer alıb.

Share: