“Nar” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm sindromlu uşaqlar üçün ölkəmizdə ilk dəfə keçirilən Autizm Mədəniyyət Festivalına dəstək olub. Heydər Əliyev Mərkəzində keçirilmiş festivalda autizim sindromlu uşaqlar incəsənətin müxtəlif sahələrində öz istedadlarını nümayiş etdiriblər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olan festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstəriblər. Festivalın təşkilatçıları “Birgə və Sağlam” İctimai Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və “Ümid var” xeyriyyə könüllüləri olub. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənib.
Milletinsesi.az xəbər verir ki, autizm sindromlu uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan modelyer Afaq İsmayılovanın hazırladığı kolleksiyanı təqdim ediblər. Festivalda Türkiyədən gələn və autizm sindromlu uşaqlardan ibarət olan İzmir Autizm Orkestri – İZOT xor qrupu maraqlı proqramla cıxış edib. Qonaqların “Autizm nədir?” sualına cavab tapması üçün qısametrajlı animasiya filmi də nümayiş olunub.
Tədbir autizm sindromlu uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operator “autizm spektr pozuntuları” diaqnozlu uşaqlarla bağlı bir neçə layihə icra edib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.