Dünya üzrə 179 “Boeing 737 MAX” təyyarəsində qüsur aşkarlanıb

“Boeing” kompaniyası “Boeing 737 MAX” və “Boeing 737 NG” təyyarə modellərinin qanaducu detallarında qüsurlar aşkarlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Mülki Aviasiya İdarəsi qüsurların bütün dünyada 312 təyyarədə qeydə alındığını deyib.

“Boeing” kompaniyasının məlumatına əsasən, bəzi “737 NG” və “737 MAX” modellərinin qanaducu detalları səhv hazırlana və qüvvədə olan möhkəmlik standartlarına uyğun gəlməyə bilər”, – deyə Mülki Aviasiya İdarəsinin saytında bildirilir. Qeyd olunur ki, qüsurlu detallar vaxtından əvvəl köhnəlməyə meyllidir və uçuş zamanı laynerlərin zədələnməsinə səbəb ola bilər.

“Boeing” və Mülki Aviasiya İdarəsinin birgə təhqiqatı nəticəsində 148 qüsurlu detal aşkarlanıb və onların quraşdırıla bilinəcəyi təyyarələrin nömrələri müəyyən edilib. Qüsurlar bütün dünyada 133 “Boeing NG” və 179 “Boeing MAX” təyyarəsinə təsir edib. Həmin detalları təyyarədən çıxarmaq üçün operatorlara 10 gün vaxt verilib.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik səbəbindən “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.

Share: